Qənirə Paşayeva şəhid anası ilə görüşüb
23 Noyabr 2022 11:16 SosialMillət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ümman Əmiraslanovun anası Əminə Fəzilə Paşa qızı ilə görüşüb. "Olaylar" xəbər verir ki, Şəhidin anası ilə ətraflı söhbət edən Komitə sədri, onun ürək sözlərini dinləyib, şəhid əsgərin həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə yaxından maraqlanıb. Q.Paşayeva Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından söz açıb, bu diqqət-qayğının hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu üçün də əsil örnək olduğunu deyib. Komitə sədri Q.Paşayeva şəhid ailələri ilə hər bir görüşün onun üçün unudulmaz, doğma görüş olduğunu bildirib, şəhid əsgərin əziz ruhuna dərin ehtiramını yetirib.
Qeyd edək ki, Ümman Namiq oğlu Əmiraslanov (21 dekabr 1996, Qəbələ - 02 oktyabr 2020, Tərtər) 2003-2014-cü illərdə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb, xidmətini 2016-cı ildə başa vurub. 2020-ci ilin iyulunda General Polad Həşimov şəhid olduqdan sonra, könüllü olaraq orduya yazılıb. Vətən müharibəsi başlayan zaman artıq hərbi xidmətdə olub. Ümman Əmiraslanov 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Şəhid əsgərimiz Qəbələdə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ümman Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid əsgərimiz həmçinin "Laçının azad olunmasına görə" (29.12.2020), "Suqovuşanın azad olunmasına görə" (05.11.2021) medalları ilə təltif edilib.