1200-dən çox  müharibə veteranı və şəhid ailəsinin müraciətlərinə baxılıb - ÖZƏL

Vətəndaşlara layiqli xidmət göstərilməsi, müharibə veteranlarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Cari ildə bu kateqoriyadan olan şəxslərin 1.200-dən çox müraciətlərinə baxılmış, onların bilavasitə və ya videoformatda, eləcə də səyyar qaydada yerlərdə qəbulu həyata keçirilmişdir. "Olaylar" xəbər verir ki, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov öz məqaləsində qeyd edib. Bildirib ki, ümumilikdə  8.700-ə yaxın vətəndaşın nazirlikdə və bölgələrdə qəbul olunaraq ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri üzrə zəruri tədbirlər görülmüşdür.
Eyni zamanda yerli özünüidarəetmə orqanları tərəfindən də müharibə veteranlarının və şəhid ailələrinin qayğıları, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülmüş, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə mütəmadi metodoloji iş aparılaraq onlara tövsiyələr göndərilmişdir. Ötən dövrdə Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri təmin olunmuş və belə şəxslərə müvafiq torpaq sahələri ayrılaraq onların mülkiyyətinə və ya icarəsinə verilmişdir. Həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bələdiyyələr tərəfindən 900-dən çox abidə və abidə kompleksinin, xatirə lövhəsi və bulağının istifadəyə verilməsi, onların yaşadıqları evlərin və küçələrin abadlaşdırılması rəğbətlə qarşılanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31