Uşaqlarda ən çox hansı diş xəstəlikləri yayılıb? - ÖZƏL
21 Noyabr 2022 14:44 Sosial"Uşaqlarda ən çox yayılan xəstəlik diş-çənə anomaliyalarıdır (ortodontik xəstəliklər). Xəstəliyin səbəbləri müxtəlifdir - genetik səbəb (valideynlərdən irsən keçir), uşaq ana bətnində olarkən hamiləliyin riskli keçməsi, süd dişlərinin vaxtından əvvəl çəkilməsi, zərərli vərdişlər, düzgün qidalanmama". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov deyb. Bildirib ki, uşaqlar arasında kariyes xəstəliyi də geniş yayılıb. Mütləq kariyesləri vaxtında müalicə etmək lazımdır. Əgər uşaqlarda kariyes müalicə olunmazsa, gələcəkdə ürək-damar xəstəliklərinə gətirib çixara bilər: "Uşaqlarda süd dişlərində kariyes yarandıqda mütləq müalicə olunmalıdır. Kariyes yarandıqda və müalicə olunmadıqda nəticədə iltihab yaranır ki, bu da dişlərin vaxtından əvvəl çəkilməsinə səbəb olur. Dişlərin vaxtından əvvəl tökülməsinin başqa səbəbi isə diş travmaları, əmzikdən çox istifadə, ana südü ilə qidalanmama, barmaq əmmə və s. aiddir. Süd dişləri daimi dişlər çıxana qədər onlar üçün yer hazırlayır. Süd dişlərində yaranan problemlər uşaqların inkişafına və böyüməsinə təsir göstərir. Əsasən qabaq dişlər vaxtından əvvəl çəkildikdə nitq pozulur və estetik cəhətdən də yaxşı görünmür, bu da uşaqlarda ciddi psixoloji problemlərin yaranmasına səbəb olur. Əgər diş vaxtından əvvəl çəkilərsə, digər dişlər sürüşərək çəkilən dişin yerinə oturur".