Gülnarə Muxtarova: “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ailədən başlayır”
18 Noyabr 2022 10:35 Sosialİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələsi dövlətin prioritet sahəsinə çevrilib. Belə ki, dövlətin sosialyönümlü olması uşaq və gənclərin sağlam, cəmiyyətə yararlı vətəndaş kimi yetişməsi üçün çoxsaylı sosial obyektlərin ərsəyə gəlməsinə səbəb olub. Bu sahənin tənzimlənməsi məqsədilə qanunvericilik bazası yaradılıb. Hazırda ölkənin ən ucqar bölgələrində belə müasir standartlara cavab verən təhsil və səhiyyə ocaqları, psixoloji mərkəzlər və idman kompleksləri fəaliyyət göstərir. Bu isə o demıkdir ki, Azərbaycanda yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.
Əgər cəmiyyət və dövlət olaraq gələcək üçün sağlam nəsil yetişdirmək məqsədi qarşımıza qoymuşuqsa, mütləq uşaq və gənclərin fiziki və mənəvi inkişafına hərtərəfli dəstək olmalıyıq. Bu dəstək dövlət, ailə, məktəb və ən nəhayət cəmiyyət tərəfindən göstərilməlidir. Heç şübhəsiz ki, dövlət bu sahədə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Belə ki, dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Etiraf edilməlidir ki, sosial-mədəni dəyərlərin daşıyıcısı olan idman gənc nəslin mənəvi və fiziki tərbiyəsində mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, qədim dövrlərdən hərəkətlərin məcmusu olaraq böyük təkamül yolu keçən idman və bədən tərbiyəsi cəmiyyətdə zəruri tələbat kimi özünü göstərib. Müasir dövrdə bu məsələ xüsusilə aktuallaşıb. Məhz bu səbədən əksər valideynlər uşaqların kiçik yaşlardan bədən tərbiyəsi ilə məşğul olmasına üstünlük verirlər. Onu da qeyd edək ki, bunun üçün ölkəmizdə kifayət ədər imkanlar mövcuddur. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda idmanın inkişafı, həm də xalqımızın sağlamlığına hesablanıb. Bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən irimiqyaslı işlər, analoqu olmayan idman infrastrukturu - paytaxt Bakıda, eləcə də regionlarda inşa edilmiş yüksək standartlı, gözəl arxitekturaya malik Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları, meydançalar gənc nəslin daha sağlam və hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan gənclərinin sağlam, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, şübhəsiz, bütün bunların müsbət rolu var. Təsadüfi deyil ki, nəinki Bakıda, ən ucqar rayon və qəsəbələrdə belə uşaq və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olub həm sağlam olurlar, həm də yüksək nəticələr əldə edirlər.

Lakin etiraf edilməlidir ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafına ilk növbədə ailələrdə start verilməlidir. Elə Uzman Psixoloq Gülnarə Muxtarova da hesab edir ki, ölkədə uşaq və gənclərin fiziki və mənəvi, hətta psixoloji və emasional inkişafı ailədən bşlayır. Hər bir uşağın sosial çevrəsi, dünyaya göz açdığı, inkişaf etdiyi məkan ailə olduğu üçün inkişaf da buradan başlayır. Daha sonra baxça, məktəb və universitetlər və iş həyatı ilə davam edir: "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı bu mərhələlərdə tamalanır demirəm, çünki insanın yaşamı boyunca inkişafa ehtiyacı var, inkişafda olur. Hər birimiz hər yaşımıza uyğun olaraq inkişaf mərhələlərindən keçirik. Uşaqların və gənclərin inkişafı da özəlliklə uşaqlıqdan ailədə başlayır. Hər ailə öz uşağının həm fiziki, həm də mənəvi olaraq inkişfına xüsusi diqqət ayırır. Əlbəttə deyə bilmərik ki, bütün ailələr uşaqların təhsili, sağlamlığı ilə bağlı kifayət qədər məsuliyyətlidir. Valideyinlər tərəfindən uşaqların fiziki və mənəvi inkişafına biganə yanaşan ailələr də var. Uşaqların fiziki, mənəvi və psixoloji inkişafına məsuliyyətsiz yanaşan ailələr kifayət qədərdir. Bir uşağın inkişafı üçün valideyinin ona ola biləcək ən yaxşı dəstək onun özünü yaxşı göstərməsi, potensialın ortaya qoyması üçün doğru təhsil və tədris mərkəzinin seçilməsindən başlayır. Belə ki, biz gələcəyimizi indiki gənclər üzərində qururqsa, bu proses təhsildən başlayırsa, deməli valideyin olaraq əsas işimiz onların inkişafını təhsil yönümündə doğru seçim etməkdən ibarətdir. Başqa sözlə, təhsillərini düzgün şəkildə almalarına yardımçı olmalıyıq. Bu da uşaqların mənəvi inkişafı üçün güclü bir dəstəkdir. Təbii ki, sonradan təhsil məktəbdə davam edir. Məktəbdə müəllimlər, pedaqoqlar, təhsil işçiləri tərəfindən uşaqlara mənəvi dəstək davam etdirilir".
Onun sözlərinə görə, fiziki inkişaf isə uşaqların və gənclərin fəaliyyəti, hərəkətliliyi, aktivliyi ilə davam edir: "Əlbəttə, təhsil sahəsində uşaqların inkişaf etməsinin digər tərəfi də fiziki inkişafla bağlıdır. Bu idmanın hansısa sahəsi ola bilər, uşaqların özlərinin potensialını ortaya qoyduqları hansısa bir məşğuliyyət ola bilər. Hər bir uşağın maraq dairəsi nə ilə bağlıdırsa, valideyin uşağın o maraq dairəsini kəşf etməli və uşağın fiziki inkişafını dəstəkləyəcək idman növünü seçməlidir. Mütləq deyil ki, bu bir idman növü olsun, bu fiziki hərəkətlilik tələb edən, inkişafa təsir göstərən digər sahələr də ola bilər".
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsində çatışmazlığa gəldikdə psixoloq bildirib ki, bəzən valideyin uşağını tanımaqda çətinlik çəkir: "Bəzən valideyin öz uşağının maraq dairəsinin nədən ibarət olduğunu anlamaqda çətinlik çəkir. Onun potensialının nə qədər ala biləcəyini görməkdə problem yaşayır. Əgər valideyinlər belə bir çətinliklə üzlşsələr təklif edərdim ki, terapeft və yaxud psixoloqla məsləhətləşsin. Valideyinlər mütəxəssislərin dəstəyi ilə övladlarını düzgün yola yönəldə bilərlər. Bu uşağın inkişafı üçün ən doğru seçim ola bilər. Çünki, bəzən valideyinlər öz arzu və istəklərini uşaqlar üzərində gerçəkləşdirməyə çalışırlar. Belə halda uşağın gerçək arzu və istəkləri, maraq dairəsi qalır bir təfərdə, valideyinlərin istəkləri həyata keçirilməyə başlayır. Bu da nəticə etibarilə topluma, cəmiyyətə xoşbəxt olmayan üzgün, strestli, gərgin, aqressiv bir uşaq, yaxud gənc, şəxsiyyət qazandırmış olur".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir