Şəhərin kafe-restoranlarına niyə "313" adı verilir?
18 Noyabr 2022 11:31 SosialSon günlər şəhərin müxtəlif ərazilərində tez-tez sözdə islamı təmsil edən, amma İran ideologiyasını əks etdirən qondarma dini simvolların, adların kafe-restoran, gözəllik salonlarına verildiyini görürük. Hətta bu simvolları geyimlərinin üzərinə, maşınlarının şüşələrinə vuranlar, tattoo vasitəsilə bədəninin müxtəlif yerlərinə çəkənlər də az deyil. Belə simvollardan biri də "313"-dür. Bəs bu nə dərəcə düzgündür?
Tehranda, Təbrizdə "Atilla", "Mete", "Alparslan", "Atatürk" "Polad", "Mübariz" kişi salonu, "Tomris", "Sara xatun" qadın salonu açmaq mümkün deyilsə, o zaman şəhərlərimizdə islamda bölücülük yaradan xomeynizmin simvollarının asılmasına niyə icazə veririk?
"Azərbaycan dövlətinin müvafiq qurumları bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir"

Siyasi ekspert Azər Həsrət bildirir ki, şəhərin müxtəlif yerlərində obyektlərə bu cür adların qoyulması əslinə qalsa, İranın Azərbaycan Respublikası daxilində ideoloji ekspansiyasının bariz nümunəsidir:
"Çox adam bəzən bu rəqəmlərə fikir vermədən keçir, sadəcə düşünür ki, elə-belə rəqəmdir. Heç çox adam da bunun arxasında nə gizləndiyini bilmir. Hətta bəzən bu rəqəmləri öz obyektlərində işıqlandıran, obyektlərinə bu adları verənlərin özləri belə təəssüflər olsun ki, hansı zərərli bir işə bulaşdıqlarını bilmirlər. Ona görə də, mən düşünürəm ki, dövlətimiz, özəlliklə də bu sahəyə məsul olan qurumlar məsələ ilə çox ciddi şəkildə məşğul olmalıdırlar. İranda, hətta Tehranı kənara qoyuram, Təbrizin özündə belə hər hansısa yeri türk adları ilə adlandırmaq çox ciddi problemə səbəb olur. Hətta uşaqlara türk adlarının qoyulması rəsmən qadağandır. Dəfələrlə olub, şəxsən özüm də bu hallarla qarşılaşmışam. Sosial mediada paylaşımlar olub, media həmin məsələləri işıqlandırıb. Yeni doğulmuş körpələrə güneyli soydaşlarımız təmiz türk adları qoymaq istəyiblər. Amma illərlə dövlət idarələrində sürünüblər, uşaqlara ad qoymaq mümkün olmayıb. Yəni, fars-molla rejiminin idarə etdiyi İranın bütün coğrafiyasında, ərazisində türk adları yasaqlanıb.
Bundan savayı, biz hamımız yaxşı görürük və bilirik ki, İran adlı coğrafiyada ümumiyyətlə türk dilində məktəb belə yoxdur. Yəni, məktəbləri belə qadağan ediblər, ana dilində təhsil yoxdur. Bu durum varkən, niyə Azərbaycan Respublikasında bizim insanlarımız bu cür məsələlərdə durub İran fars-molla rejiminin ideoloji ekspansiyasına könüllü çəkildə alət olmalıdır? Və niyə dövlətimiz bu məsələdə bu qədər təmkinli, dözümlü yanaşmalıdır? Ona görə, bir daha deyirəm ki, Azərbaycan dövlətinin müvafiq qurumları bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Xüsusilə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi bu məsələləri vətəndaşlarımıza izah etməlidir. Yəni, burada söhbət dinə qarşı hansısa addımların atılmasından getmir. Bir daha qeyd edirəm ki, bu cür rəqəmlərin arxasında İranın siyasi ideoloji ekspansiyası dayanır. İran bizim içimizdə özünün təxribat xarakterli fəaliyyətini bu yolla gerçəkləşdirməyə çalışır. Buna görə insanlarımız da bir qədər düşüncəli olmalıdırlar. Yəni, birmənalı deyirəm ki, daha sərt, effektiv addımların atılmasına ehtiyac var. Bir daha xatırladıram ki, İran adlı ölkənin ərazisində türk adları, türklüklə bağlı hər şey yasaqlanmışkən, Azərbaycan Respublikası fars-molla rejiminin ideoloji "cıdır düzünə" çevrilməməlidir".
"Bütün qeyd olunan bu cür göstəricilər, lövhələr hamısı məhv edilməlidir, yığışdırılmalıdır"

Jurnalist Aqil Camalın sözlərinə görə, İran Azərbaycanda, eyni zamanda, özünün yumuşaq gücünün formalaşdırdığı digər ölkələrdə özünün birbaşa dövləti simvollarından istifadə edə bilmədiyi üçün hər zaman hansısa bir dini məzhəbi simvolik əlamətlərdən istifadə etməyə çalışır:
"Məsələn, özünün dövlət bayrağını istifadə edə bilmədiyi yerlərdə "Hüseyn bayrağı" adlı müxtəlif rənglərdə olan bayraqlardan istifadə edir. Əslində isə o bayraq İmam Hüseyni deyil, elə İranı təmsil edir. Sadəcə olaraq, dövlət bayrağıdır deyə onu qabarıq şəkildə üzə çıxara bilmir.
Eyni zamanda, qeyd olunan "313" məsələsi də həmçinin. Burda məqsəd özünün formalaşdırdığı marginal qrupları hansısa ideoloji zəmində bu cür simvollarla mütəşəkkil hala gətirmək, onları müxtəlif mərkəzlərdən idarə etməkdir. Təbii ki, bu qruplar arasında əsas birləşdirici amil iş dünyasıdır. Hansısa bu cür ideoloji dini və yaxud da məzhəbi cərəyanları bir yerdə qalmağı, daimi birgə hərəkət etməyi və həm də iş dünyası, bizneslər birləşdirir. Burda biznes deyərkən söhbət ola bilsin ki, böyük anlamda olmaya bilər. Yəni böyük biznes şəbəkələri olmaya bilər. Amma kiçik, orta biznes, kiçik, orta sahibkarlıq müstəvisində belə özünün formalaşdırdığı qrupları birləşdirir və bu qruplar daha çox bir-birilərinə çalışırlar, birlikdə işləyirlər və qeyd olunan bu şəkildə müxtəlif ticarət, xidmət, servis mərkəzləri yaradaraq, fəaliyyət göstərirlər. Həm pul qazanırlar, həm də ölkədə pozucu fəaliyyətlə məşğul olurlar.
Mən hesab edirəm ki, Azərbaycan dövləti, xüsusilə Dövlət Təhlükəsizlik Komitəsi İranın ölkəmizdə həyata keçirmək istədiyi və keçirdiyi təxribatlara qarşı kompleks tədbirlərə başlayıb. Başlamayıbsa, bu məsələlər kompleks xarakter almalıdır və cəmiyyətdən gələn bu cür informasiyalar nəzarətə, diqqətə götürülməlidir. Bütün qeyd olunan bu cür göstəricilər, lövhələr hamısı məhv edilməlidir, yığışdırılmalıdır".
Röyalə Xəyal