Yardımlı rayonunda 92 tarix və mədəniyyət abidəsi qeydə alınıb - ÖZƏL
15 Noyabr 2022 12:10 SosialAzərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Yardımlı rayonunda 92 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, bu abidələrin 60-ı arxeoloji, 8-i memarlıq, 1-i bağ-park, monumental-xatirə, 23-ü isə dekorativ-tətbiqi sənət nümunələridir. Arxeoloji abidələrin (mağara, kurqan, nekropol, qədim yaşayış yeri) 51-i ölkə, 9-u isə yerli əhəmiyyətli abidələrdir. Maraqlıdır ki, rayonun memarlıq abidələri sırasında məscid yoxdur. "Olaylar" xəbər verir ki, bunu Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi Ildirim Sukurzadə deyib. Bildirib ki, Yardımlı rayonunun 88 yaşayış məntəqəsi sırasında tarix və mədəniyyət abidələrinin ən çox qeydə alındığı yaşayış məntəqələri - Alar, Bozayran və Yolocaq kəndləridir: "Alar kəndində 12, Bozayran kəndində 7, Yolocaq kəndində isə 5 abidə qeydə alınmışdır. Yardımlı rayonu ərazisində qeydə alınmış tarix və mədəniyyət abidələri sırasında ən qədim abidə Alar mağarasıdır. Daş dövrü abidəsi sayılan Alar mağarası bölgənin ilk insan məskənlərindən sayılır".