Casusluq fəaliyyəti ilə məşğul olan şəxsləri hansı cəza gözləyir? - ÖZƏL
15 Noyabr 2022 11:40 SosialDövlət Təhlükəsizlik Xidməti son bir neçə ayda ikinci dəfədir ki, İranın Azərbaycandakı casus şəbəkəsini zərərsizləşdirir. Təəssüflər olsun ki, ölkəmizdə İranın maraqları naminə casusluq fəaliyyəti ilə məşğul olan şəxslər arasında Azərbaycan vətəndaşları da var. Bəs görəsən hansısa dövlətin xeyrinə casusluq fəaliyyəti göstərən şəxsləri hansı cəza gözləyir?
Hüquqşünas Əli İbrahimov "OLAYLAR"-a bildirib ki, casusluq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən törədildiyi halda cinayəti törədən şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş dövlətə xəyanət cinayətinə görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən törədildikdə həmin Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş casusluq cinayətinə görə məsuliyyətə cəlb olunurlar. Onun sözlərinə görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər casusluğa görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı halda, Azərbaycan Respublikasının vətəndaşları bu cinayətə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Göründüyü kimi, qanunvericilik öz vətəndaşlarımızın casusluq hərəkətlərini sadəcə casusluq cinayəti kimi deyil, öz dövlətinə xəyanət, dönüklük kimi qiymətləndirməklə, bu hərəkətlərə yol vermiş vətəndaşlar üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən fərqli olaraq daha ağır cinayət məsuliyyəti nəzərdə tutub".