“Cəmiyyət üçün yararlı insan olduğuna görə düşünürəm ki, cəzası aşağı il ilə hesablanar”

"Rəşad Dağlı hal-hazırda 120.1 maddə ilə şübhəli şəxs qismində saxlanılıb. Bilirsiniz ki, onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 120.1 maddəsinin tələbləri 9 ildən 14 ilə qədər həbsdir. Sadəcə olaraq orada bir az yüngülləşdirici hallar var. Onlardan ən əsası adamın özü qətli törətdikdən sonra birbaşa polisə gedib, əməlini etiraf etməsidir. Ola bilsin ki, məhkəmədə səmimi peşmanlıq olacaq. Himayəsində azyaşlı uşaqlar var. İctimaiyyət üçün, cəmiyyət üçün yararlı insandır. Bu kriteriyalar hamısı yoxlanılandan sonra təbii ki, məhkəmə və istintaq gedişatında hər şey məlum olacaq. Ondan sonra məhkəmə 9-14 il arası bir il təyin edəcək. Mən çox güman edirəm ki, cəzası aşağı il ilə hesablanar, çünki sadaladığım kriteriyaların hamısı Rəşad Dağlıya aiddir. Bu günə qədər məhkumluq həyatı olmayıb. Eşitdiyimə görə qarşı tərəf də şikayətçi deyil"

Bunu Moderator.az-a açıqlamasında hüquqşünas, tanınmış aparıcı Zülfiyyə Bayramova deyib. O daha sonra əlavə edib.

"Rəşad Dağlı ilə çox yaxın münasibətimiz olmasa da salam-əleykimiz var idi. İlqarla birlikdə veriliş aparanda bizim qonağımız da olmuşdu. Mənim tanıdığım Rəşad daha alicənab oğlandır. Mən meyxana aləmindən kənar insanam, ora meylim də yoxdur. Hər kəsin öz zövqü var, meyxana mənim zövqümcə deyil. Amma Rəşadın özünəməxsus yaradıcılığı var, istedadlı şəxsdir. Adam gözəl qəzəlxandır, güclü qələmi var. Həyat qabaqdadır, o yenə də yazıb-yaradacaq. İnsani keyfiyyətləri də çox təqdirəlayiqdir. Sakit təbiətli bir insan idi. Onun kimisə qətlə yetirməsini eşidəndə  son ana qədər ehtimal edirdim ki, yalan xəbərdir. Hətta fikirləşdim ki, bəlkə də başlığı belə qoyublar. Bəzən axı olur, hansısa tanınmışın ad və soyadı üst-üstə düşəndə elə başlıq qoyurlar, insanda elə təəsürat yaradırlar ki, həmin işi bu adam görüb. Məndə də bu ümid var idi. Çox təəssüflənirəm ki, bu hadisə real baş verib. Kaş ki olmazdı. Həqiqətən də Rəşad o hadisəyə layiq insan deyil. O cəmiyyət üçün yararlı insandır. Yararlı insanların cəmiyyətdən təcrid olunması heç də yaxşı hal deyil. Onu qınayanlar da tapılacaq, haqq qazandıranlar da. Mən sadəcə deyə bilərəm ki, Allah Rəşadın qapısını açsın, balalarına can sağlığı versin. Düzdür, cəza qaçılmazdır, çəkiləcək, amma düşünürəm ki, nə vaxtsa Rəşad bəyə də bir əfv olar. Allah ölən şəxsə də rəhmət etsin. Mən onu tanımıram deyə, haqqında yaxşı, yaxud da pis heç nə danışa bilmərəm. Bəlkə də onun da balaları yetim qalıb. Rəşad Dağlı üçün çox heyfslənirəm. Rəşad Dağlı elə hər yerdə Rəşad Dağlı olacaq və Allah qapısını açacaq, yenə də bizim sevimli meyxanaçımız olacaq" deyə Zülfiyyə Bayramova deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31