"Azərbaycan gəncliyi bu gün bəlkə də ən ağır günlərini yaşayır" ÖZƏL

Narkotikin qarşısını almaq üçün ölkə olaraq səfərbər olmalıyıq.Bu sözləri Olaylar.az-a açıqlamasında yazıçı Oğuz Ayvaz deyib.

"Narkotik gəncliyi uçuruma aparır. Gələcəyimiz üçün kibrit çöpü boyda işıq görünmür. Bu boz cəmiyyətimizdə narkotik də bir yandan tüğyan edir. Bir gənci narkotikdən uzaq tutmaq üçün ilk növbədə ailədə ciddi nizam-intizam olmalıdır. Narkotikə qurşanan uşaqların əksəriyyətində sosial həyatlarının boşluqda olmasıdır. Şəxsi, sosial, ailə münasibətlərində korluq çəkən bir gənc boşluğu doldurmaq üçün həyəcan axtarır, qumara, narkotikə, içkiyə tərəf yönəlir. Narkotik bunların arasında ən ağır bəladır. İnsan iradəsini belə işğal edə biləcək gücə sahibdir narkotik. Mənə elə gəlir ki, narkotik qarşısını almaq üçün ölkə olaraq səfərbər olmalı, sosial çarxlar, televiziya verilişləri, sosial şəbəkələrdə çağırışlar, flaşmoblar, mədəniyyət sferasında filmlər, tamaşalar bir sözlə "narkotikə yox" şüarını gündəmə gətirib aradan qaldıra bilərik. Narkotik insanı insana düşmən edən, niftəri bir-birinə aşılayan maddədir. Hansı ki, bu maddə gənclərin həyatlarını darmadağın edir. Onların içində yaralar, əzablar, ağrılar yaradır.
Gənclər, adətən, maraqlı, cəsarətli və yeniliklərə açıqdırlar. Duyğular tez dəyişir, tez sevinir, kədərlənirlər. Uğurlu olmağı sevirlər. Görünüşə əhəmiyyət verirlər. Valideynlərindən daha çox dostlarının sözləri və hərəkətləri ilə maraqlanırlar. Bu səbəbdən də dost qrupu, maddə asılılığı baxımından önəmlidir. İşıqlı günlərin mütləq gələcəyinə inanıram. Gəncliyimizi xilas edək, gələcəyimizi sığortalayaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31