Uşaqların cinsi istismara cəlb olunması dünyada ən ağır cinayətlərdən biridir- ÖZƏL

"Uşaqların cinsi istismara cəlb olunması dünyada ən ağır cinayətlərdən biri hesab olunur." Bu  sözləri  Olaylar.az-a  açıqlamasında  Əməkdar  jurnalist  Mətanət  Ağamirli deyib: "Ümumdünya Səhiyyə Təşkilatının 2 il öncə açıqladığı məlumata görə dünyada hər 4 uşaqdan biri cinsi-fiziki istismara məruz qalır.  Sevindiricidir ki, bu dünyəvi problem Azərbaycanda  geniş yayılmayıb. Bunun əsas  səbəbi bizim ailə institutuna, körpələrə-uşaqlara  olan münasibətimizdir. Onlar bizim üçün müqəddəs, toxunulmazdırlar. Ancaq bu o demək deyil ki, uşaqların cinsi zorakılığa məruz qalması hallarından tamamilə sığortalanmışıq. Təəssüf ki, qloballaşan dünyanın mənfi streotiplərindən qorunmaq çox çətindir.  Son zamanlar tez-tez olmasa da, eyni motivli cinayətlər haqda xəbərlərə rast gəlirik.  Bir uşağa qarşı belə təcavüz varsa, deməli artıq problem var.  Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı ağızdolusu danışan beynəlxalq təşkilatlar, liderlər, qəbul edilən qanunlar, konvensiyalar, qanunvericilik aktları mövcuddur. Amma statistikaya görə, dünyanın mütərəqqi, inkişaf etmiş sayılan ölkələrində uşaqların cinsi istismara məruz qalması halları 52 faizə qədər artıb. Bu çox ciddi və təhlükəli rəqəmdir. Hesab edirəm ki, bu baxımdan Azərbaycanda yaşadığımız, azərbaycanlı olduğumuz üçün şanslı sayılırıq.  Uşaqlar bizim gələcəyimiz, göz bəbəyimizdir. Uşaqlarımız şanslıdır ki, bu cür əxlaqsızlıqlar, cinayətlər bizim mənəvi dəyərlərimizlə daban-dabana ziddir. Sözügedən problemlə bağlı dövlətin qanunvericilik müstəvisində gördüyü işlərlə yanaşı, qeyd etdiyim mənəvi dəyərlərimizə sahib çıxmaq, yaşatmaq vətəndaş cəmiyyətinin prioritei olmalıdır. Sağlam cəmiyyət, sağlam gələcək həm də mənəviyyatın qorunması, mənəvi dünyamızın  zənginləşməsi ilə mümkündür."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31