"Ağır çantalar uşaqlarda  bel-onurğa problemlərinə, "skolyoz" adlandırılan xəstəliyə səbəb olur"- ÖZƏL

Bu günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım İbtidai sinif şagirdləri arasında skolyoz xəstəliyinin artması və bunun səbəbləri ilə bağlı narahatçılığını bildirib. Avropa ölkələrinin təcrübəsindən danışan xanım millət vəkili bu problemin körpələrin sağlamlığına ciddi zərər vurduğunu dilə gətirib. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Əməkdar jurnalist Mətanət Ağamirli  Olaylar.az-a  bildirib ki, illərdir bu məsələ müzakirə olunur: "Amma sadəcə müzakirə olunur. Təqribən 10 il öncə də bu barədə müxtəlif fikirlr , təkliflər səslənirdi. Nəticə isə yoxdur, illərdir eynilə davam edir və gözümüz görə-görə uşaqlarımızın ağır yük altında əzildiyini sadəcə seyr edirik. Uzun illərdir mütəxəssislər, ekspertlər  məktəb çantalarının ağırlığı ilə bağlı həyəcan təbili çalırlar. Bildirirlər ki, belə ağır çantalar uşaqlarda  bel-onurğa problemlərinə, "skolyoz" adlandırılan xəstəliyə səbəb olur. Unudulur ki, hamının övladı sürücü ilə, maşınla məktəbə gedə bilmir. Unudulur ki, bütün ailələrin uşaqlarını həkimə aparması, müalicə etdirməsi imkanı yoxdur. Əslində cəmiyyətdə müzakirəyə çıxarılan məsələlərə  aidiyyatı qurumlar həssas yanaşmalı, adekvat tədbirlər görməlidir. İctimai müzakirəyə çıxarılan mövzular cəmiyyətin sifarişi kimi qəbul olnmalıdır. 10 il öncə belə dilə gətirilən mövzu bu gün   MM-də də  qaldırılırsa, demək ki, laqeydlik var. Unutmayaq ki, ilk baxışda xırda görünən bu məsələ kifayət qədər böyük problemdir və ən qısa zamanda həllini tapmalıdır. Çünki söhbət övladlarımızdan, bütün mənalarda sağlam görmək istədiyimiz gələcəyimizdən gedir. Biz gələcək üçün sağlam əsgər, sağlam ana arzulayırıqsa, sağlam genefondun qorunması üçün uşaqlarla bağlı hər bir nüansa son dərəcə həssas yanaşmalıyıq.  Bilirsiniz, biz ictimaiyyət nümayəndələriyik, problemi görüb diqqətə çatdıra, bildiyimiz həll yollarını sadəcə təklif edə bilərik. Problemlə bağlı araşdırmalar, təhlillər edib, qərarlara imza atacaq məsuliyyət aidiyyatı qurum olan Təhsil Nazirliyinə məxsusdur. Və əslində bu problem çoxdan həllini tapa bilərdi. Sadəcə diqqət ayrılmalı, xırda bir məsələ kimi qulaqardına vurulmamalıdır. Hesab edirəm ki, Təhsil Nazirliyində  son illərdə baş verən  intensiv dəyişikliklər bu məsələyə zaman buraxmayıb. Ümid edirəm ki, indiki Təhsil Naziri  Emin Əmrullayevin şagirdlərin fiziki sağlamlığına zərbə vuran ağır çanta, yüklü dərs vəsaitləri ilə bağlı da bir tədbir görüb, qərar qəbul etməyə zamanı çatacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31