Aqrar Kredit və İnkişaf Agentliyi beynəlxalq əməkdaşlığı davam etdirir
2 Noyabr 2022 13:39 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə beynəlxalq təşkilatlarla birgə layihələrin icrasını davam etdirir. İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsi (COMCEC) tərəfindən elan edilən müsabiqə əsasında aqrar sahənin dayanıqlığının artırılması məqsədilə üzv ölkələrin təqdim etdiyi layihələrin maliyyələşdirilməsinə dəstək göstərilir. AKİA tərəfindən "İqlim üzrə Ağıllı Kənd Təsərrüfatı və Sosial Məsuliyyətli Təcrübələri Təşviq etməklə Ərzaq İtkisinin və Tullantılarının Azaldılması" layihəsi COMCEC-ə təqdim olunub və aparılan mərhələli seçim prosesində uğur qazanaraq qranta layiq görülüb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, layihə çərçivəsində ərzaq israfı və tullantılarının azaldılması, iqlim üzrə ağıllı kənd təsərrüfatı mövzularında təlimlərin keçirilməsi və müvafiq texniki dəstək göstərilməsi məqsədilə tərəfdaş ölkə olaraq Türkiyə Respublikası müəyyən edilib və AKİA-nın məsul nümayəndələrinin bu ölkəyə təcrübə səfəri təşkil edilib.
Səfər zamanı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Nazirliyin tabeliyində digər qurumlarda, həmçinin FAO-nun Türkiyə və Mərkəzi Asiya üzrə subregional ofislərində, Ət və Süd Kombinatında, Orta Şərq Texniki Universitetinin Qida Mühəndisliyi bölməsində görüşlər keçirilib. Görüşlərdə ərzaq itkisinin və tullantılarının azaldılması, çörək israfının qarşısının alınması, qida bankçılığı, boru kəmərləri vasitəsilə kənd təsərrüfatında istifadə olunan suya nəzarətin həyata keçirilməsi və bitkinin vegetasiya dövründə suvarma suyuna tələbatın ödənilməsi mövzuları müzakirə edilib. Eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı, ağıllı kənd təsərrüfatının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. AKİA-nın nümayəndələri FAO-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində həyata keçirilən Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə ərzaq itkisi və tullantılarının azaldılması layihəsi üzrə Azərbaycanda görülmüş işlər barədə məlumat verib.