Bu gün əsas sərmayə azad edilmiş ərazilərin bərpasına yönəldilib - Nazir
28 Oktyabr 2022 12:27 SosialBu gün əsas sərmayə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasına yönəldilib və bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatı yaradır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, yeni qanun layihəsi bu vəsaitlərin özəl sektordan cəlb edilməsinə və dövlət maliyyəsindən asılılığın azaldılmasına imkan verəcək.
"Əgər biz özəl sərmayələrdən, eyni zamanda, xarici bazarlardan cəlb etdiyimiz kapitaldan istifadə etməyəcəyiksə, bu, bizim inkişafımızı məhdudlaşdıracaq. Biz bir çox infrastruktur obyektləri tikirik. Ancaq onların idarəetməsində heç də hər zaman səmərəli idarəetməni görmürük. Prezident İlham Əliyev tərəfindən yaradılmış İnvestisiya Holdinqi bizim qarşımızda tam mənzərəni qoyur. İri dövlət şirkətlərində böyük həcmdə səmərəlilik potensialı var", - deyə nazir bildirib.