"Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var"
27 Oktyabr 2022 16:59 Sosial"Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən , əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb , müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu "jurnalistlər"in hərəkətinə heyrətlənməmək mümkünsüz idi." Bu sözləri öz feysbuk hesabında Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb:
"Bəzi özünü media adlandıran , "gözəgörünməz" sayt idarəçilərinin "sensasiya" yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.
Amma orda kübar, özünü-sözünü bilən,müsahibə almaq üçün icazə istəyən , sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.
" Babam mənə kor deyib, gəlib gedəni vur deyib" əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı , peşəkar jurnalistlərin dəstəyi və "Media haqqında" qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram."