Xaricdə yaşayan soydaşlarımızın həmrəyliyində və vətənlə əlaqələrinin möhkəmləndirməsində azərbaycançılıq ideyasının təbliğ olunması vacib amildir
28 Oktyabr 2022 10:00 Sosialİstiqamət- azərbaycançılıq ideyasının təbliği
XXX
Fuad Hüseynzadə: "Bu gün Azərbaycan dövlətinin də əsas istəyi odur ki, xaricdəki soydaşlarımız azərbaycançılıq ideyasına və milli-mənəvi dəyərlərimizə bağlı olsunlar"
Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövləti ətrafında birləşməsi artıq tarixi zərurətə çevrilib. Bu baxımdan azərbaycançılıq ideyası bütün dünyada yaşayan azərbaycanlıların milli amalı omalıdır. Azərbaycançılıq ideologiyası dilimizi, dininimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi və s. özündə birləşdirir.
Müstəqillik illərindən sonra daha da geniş yayılan və demək olar ki, bir platformaya çevrilən azərbaycançılıq ideologiyası bu illər ərzində bir millət, xalq olaraq vahid ideya ətrafında birləşməyimizdə, mütəşəkkil qüvvə kimi formalaşmağımızda mühüm faktorlardan birini təşkil edib. Elə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də bu qənaətdədir. O bildirib ki, milli birliyin və həmrəyliyin güclənməsində azərbaycançılıq ideyasının rolu önəmlidir. Fuad Hüseynzadənin sözlərinə görə, diaspor təşkilatları, ümumiyyətlə soydaşlarımız arasında ixtilafların aradan qaldırılmasında azərbaycançılıq ideyasının əhəmiyyətli rolu var: "Azərbaycançılıq ideyasının təbliğ olunması ilə müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımızın səylərinin birləşdirilməsi istiqamətində faydalı iş aparmaq, dünya azərbaycanlılarını ümummilli mənafelər naminə ayağa qaldırmaq olar. Bu gün Azərbaycan dövlətinin də əsas istəyi odur ki, xaricdəki soydaşlarımız azərbaycançılıq ideyasına və milli-mənəvi dəylərmizə bağlı olsunlar. Ümumiyyətlə, bu məsələ dövlətimiz üçün hər zaman prioritetdir". Fuad Hüseynzadə qeyd edib ki, Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən çıxşında bir daha bu məsələyə toxunub: "Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".
İctimai Birlik sədri hesab edir ki, xüsusən yeniyetmə və gənclər azərbaycançılıq ideyaları ilə bağlı maarifləndirilməli və milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideyasının önəmi onlara aşılanmaıldır: "Azərbaycanlı uşaqların milli düşüncəsinin inkişafı üçün ana dilinə sevgisini artırmağa çalışılmalıdır. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətənə bağlı olmalı, dilini qorumalı, millətini, milli-mənəvi dəyərlərimizi yaşadığı ölkədə təbliğ etməlidir. Azərbaycançılıq ideyası ölkəmizdə və xaricdə daimi təbliğ edilməli və yeni nəsildə azərbaycançılıq idelogiyasına sevgi aşılanmalıdır. Azərbaycançılığı təbliğ etməklə lobbiçilik işini aparacaq gənclərin də yetişdirilməsi yolları düşünülməlidir".
Fuad Hüseynzadə onu da bildirib ki, xaricdə yaşayan soydaşlarımızın həmrəyliyində və vətənlə əlaqələrinin möhkəmləndirməsində azərbaycançılıq ideyasının təbliğ olunması vacib amildir: "Məhz bunu nəzərə alaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq 2020-ci ildə "Azərbaycançılıq ideyalarının dünya azərbaycanlıları arasında təbliği" layihəsini icra etmişik. Layihə dünya azərbaycanlılarının xalqımızın milli maraqlarının müdafiəsi işinə cəlb edilməsinə xidmət edirdi. Layihə ümumilikdə soydaşlarımızın azərbaycançılıq haqda bilgilərinin artmasına, həmçinin xaricdəki gənclərin ictimai məsuliyyət hissinin artırılmasına önəmli dərəcədə yardımçı olmuşdur. Layihə çərçivəsində mediada Azərbaycançılıq ideyası mövzusunda yazılar çap edilib. Sonda bu yazılar əsasında "Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi" adlı kitab nəşr olunub. Bu layihənin davamı olaraq perspektiv planda "Azərbaycançılıq dərsləri"ni virtual şəkildə davam etdirəcəyik. Eyni zamanda Yeni Azərbaycan Partiyasına orta məktəblərdə birgə könüllü olaraq "Azərbaycançılıq dərsləri"nin keçirilməsi ilə bağlı təkliflər paketi göndərəcəyik. Fikrimizcə, əgər bu layihə reallaşarsa, Azərbaycanda QHT-lərlə siyasi partiyaların birgə əməkdaşlığının edilməsi baxımından nümunəvi örnək addım olar". İctimai Birlik sədri qarşıda duran vəzifələrə də diqqət çəkib: "Qarşıda duran vəzifələr xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların ictimai-siyasi fəallığının gücləndirilməsi və lobbi quruculuğu işini təşkil etməyə çalışmaq, gəncləri virtual dünyada azərbaycançılıq ideyalarının təbliğində aktiv iştirakına cəlb etmək, dünya azərbaycanlılarının azərbaycançılıq ideologiyası ilə bağlı maarifləndirilməsinə çalışmaqdır. Eyni zamanda, xaricdəki soydaşlarımız, eləcə də diaspor təşkilatı rəhbərləri daxilində yaranmış istənilən fikir ayrılığı, mübahisəli məsələlərin həll olunması ilə bağlı, elə onların iştirakı ilə dəyirmi masalar keçirmək, xaricdə yaşayan azərbaycanlı uşaqların milli düşüncəsinnin inkişafı üçün onların ana dilinə sevgisini artırmaq da qarşıda duran vəzifələr sırasındadır".
Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir