2-ci Qarabağ müharibəsi iştirakçıları üçün də təhsil imkanlar yaradılmalıdır - Deputat
26 Oktyabr 2022 12:19 Sosial"Şəhid ailə üzvləri, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkünlər, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqları dövlət hesabına ödənilir. Eyni zamanda pandemiya zamanı Nazirlər Kabinetinin qərarı ilə minlərlə tələbənin təhsil haqqı xərci dövlət hesabına ödənilib. Bütün bu tədbirlər həqiqətən təqdirəlayiqdir, həm gənclərin inkişafı həm də təhsilin inkişafı üçün mühüm dəstəkdir. Eyni zamanda hesab edirəm ki, 2-ci Qarabağ müharibəsinin iştirakçıları üçün də oxşar imkanlar araşdırılmalıdır". "Olaylar" xəbər verir ki, bunu öz sosial şəbəkə səhifəsində qeyd edən millət vəkili Kamal Cəfərov bildirib ki, elə müharibə iştirakçısı var ki, onlar ali təhsil almayıb, ancaq indi almaq istəyir: "Və ya müharibədə iştirak edib qayıdıb, çox şükür ki, heç bir fiziki xəsarəti yoxdur, təhsilini davam etdirir. Onların da təhsilinə dəstək verilməlidir. Bu həm müharibə iştirakçılarına dəstək olar, onlar həyata daha da möhkəm bağlanar. Həm də ölkəmizdə təhsilin inkişafına dəstək olar. Bu barədə Milli Məclisdə Hökumətin hesabatı zamanı danışacağam və xahiş edəcəyəm ki, müharibə iştirakçılarının təhsil haqqı xərclərinin ödənilməsi imkanları araşdırılsın və müvafiq təkliflər hazırlansın".