Sabir Rüstəmxanlı əməliyyat olundu

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyədə əməliyyat olunub 
 
Olaylar.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
"Bu, bir tale işidir... Uşaqlıqdan bəri, ömrümün ən çətin anlarında, yolun bitdiyini, ipin qırıldığını düşündüyüm, ümidimi itirdiyim vaxtda gözlənilmədən önümdə bir yol açılıb, bir güclü əl qoluma girib... Bir dost məsləhəti, ağsaqqal öyüdü, tanımadığım bir adamın təmənnasız köməyi, qəfil bir sevgi dalğası xilaskarıma çerilib, məni vurub burulğandan çıxarıb. Görünür, həyatımızın və insan münasibətlərinin ən dəyərli süjetləri bunlardır; lakin biz bunlara xırda məsələlər kimi baxır və başqa mövzular axtarırıq.

Bu dəfə də həmin "ənənə" pozulmadı; xəstəlik məni İstanbulda tanınmış cərrah, Prof.Dr Vafi Atalayla tanışdırdı. Türkiyədə həkim dostlarımız çoxdur; bu yeni ünvanı köhnə dostum, görkəmli alimimiz Firudin Agasıoğlunun hörmətli həyat yoldaşı Fəridə xanım və oğlu Tenğiz həkim seçmişdilər və buna görə onlara ürəkdən minnətdaram...

Evdə həkimə ehtiyacımız olanda, adətən qızım Nərgiz, qardaşım qızı Aygün və Tengiz yada düşür. Lakin bu dəfə məsələ ciddiləşmişdi və ayağımda başlanan "xırda ağrı" məni İstanbulun Con Hopkins xəstəxanasına gətirmişdi. Prof. Dr. Vafi Atalayla ilk söhbət zamanı bu seçimin də bir tale işi olduğunu anladım. Onun təhlili və apardığı yoxlamaların nəticələri dərin bir uçurumun kənarına gəldiyimi göstərir, eyni zamanda ümid verirdi ki, hər şey yaxşı olacaq.

demokrat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31