“Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" təhsil müəssisələrində neqativ halları aradan qaldıracaq - ÖZƏL
21 Oktyabr 2022 13:12 Sosial"Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat"ının hazırlanması bu sahədə zaman-zaman meydana çıxan problemlərin, neqativ halların aradan qaldırılacağına ümid yaradır. Bu fikirləri "OLAYLAR"-a səsləndirən "Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva deyib ki, əslində belə bir addımın atılması çoxdan zərurətə çevrilmişdi: "İstər paytaxt, istərsə də region məktəblərində tez-tez müəllim-şagird, müəllim-valideyn insdentinin yaşanması, şagirdlərin ümumi davranış qaydalarına riayət etməməsi kimi halların sosial şəbəkələrdə işıqlandırılması, onun ictimailəşdirilməsi ümumtəhsil məktəblərində müəyyən tədbirlərin həyata keçirilməsini məcbur edirdi. Düzdür, indiyə qədər də bu tipli təlimatlar, qaydalar var idi. Ancaq qeydə alınan mənfi hallar artıq qaydaların bir qədər də ciddi şəçkildə tətbiqinə ehtiyac yaradıb".
İctimai Birlik sədri vurğulayıb ki, "Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat"ın Elm və Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəsinin təşkil olunması da müsbət addımdır və müvafiq nazirlik bununla bir növ valideynlərin də prosesə dəstək verməsini istəyir: "Əslində valideynlər bu prosesdə, sözügedən qaydaların icrasında maraqlı olmalı, məktəb rəhbərliyi ilə müştərək şəkildə işləməlidirlər. Çünki məktəbdə təhsil alan məhz həmin valideynin övladıdır. Məktəb mühiti nə qədər normal olsa, nizam-intizam qaydalarına əməl edilsə, şagird də bir o qədər davranışlı olar, nümunəvi məktəbliyə çevrilər. Bir sözlə cəmiyyətimizin hər bir üzvü bu prosesdə yaxından iştirak etməlidir ki, orta ümumtəhsil müəssisələri məktəbdə layiqli vətəndaş yetişdirsinlər".