Əmlak bazarında qiymətlərin ürəkaçan olması üçün nə etməli?

Uzun müddətdir ki, şəhərdaxili və ətraf rayonlarda yaşayış mənzillərinin qiymətində artım müşahidə olunur.


 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, "VECON" Şirkətlər Qrupunun sahibi Vüqar Oruc bu problemlərin səbəbini və həlli yollarını açıqladı:
"Aydındır ki, ilk növbədə tələb və təklif arasındakı elastik münasibətlərə uyğun olaraq qiymətlər bazarda artır. Yəni, əgər mənzillərin, daşınmaz əmlakın alınmasına tələb varsa, təbii ki, qiymət artımını da müşahidə edəcəyik. 30 ildən artıq bir müddətdə işğal altında olan torpaqlarımız azad ediləndən sonra Azərbaycanın investisiya cəlbediciliyi artdı, iqtisadi inkişaf, neft qiymətlərinin qalxması, enerji daşıyıcılarının qiymətlərinin artımı və s. bütün bunlar hamısı daşınmaz əmlak bazarında öz təsirini göstərdi və daşınmaz əmlak bazarında qiymətlər heç vaxt olmadığı qədər yüksəlməyə başladı.
Son 20 ildə daşınmaz əmlak bazarında analoji proseslər müşahidə olunmayıb. Yəni 2021-ci il ilə müqayisədə 2022-ci ildə qiymətlərin sürətlə artması və hətta bu artımın bəzi yerlərdə 15-20% civarında özünü göstərməsi doğurdan da nadir hadisə idi və bu onu göstərir ki, daşınmaz əmlak bazarı özünün yeni dövrünü yaşayır.
Burda bir amili qeyd etmək istərdim ki, bahalaşma təkcə daxili amillərlə bağlı deyil. Ümumiyyətlə bahalaşmanın özü bir neçə məsələdən qidalanır. Birincisi, doğrudan da ölkədə ciddi iqtisadi inkişaf baş verir və əhalinin imkanları, iqtisadi resursları yüksəlir və bunun qarşılığında əhali ciddi şəkildə daşınmaz əmlak alqı-satqısına müraciət edirlər. Bununla da daşınmaz əmlakın qiyməti qalxır.
İkincisi, investisiya cəlbediciliyi baş verir, qonşu ölkələrdən ciddi şəkildə axın meydana gəlir və həm turizm, həm investisiya qoyuluşu baxımından əlverişli olduğuna görə həmin ölkədə daşınmaz əmlakın qiyməti qalxır.
Üçüncüsü, yerli milli valyutanın alıcılıq qabiliyyəti aşağı düşür və bunun nəticəsində qiymətlər qalxmış kimi görünür. Ancaq əslində bu qiymətlər ümumən qalxsa da, həmin qiymətlərin xarici valyutada ifadəsinə nəzər yetirsək, görərik ki, o qədər də ciddi artımın şahidi olmamışıq.
Bütün bunlar qiymət artımına təsir edən amillərdir. Təbii ki, bundan əlavə fors-major mahiyyətli hadisələr də daşınmaz əmlak bazarına təsir göstərir. Bunun biri bu ilin əvvələrində başlamış Rusiya-Ukrayna müharibəsidir. Rusiyanın Ukrayna ərazilərini işğal etmək cəhdləri nəticəsində Ukraynadan çoxsaylı qaçqınlar Azərbaycana üz tutdu və Azərbaycanda istər daşınmaz əmlakın alqı-satqı bazarında, istərsə də, kirayə seqmentində qiymət artımını görə bildik. Eyni zamanda, Ukraynada zamanında bizneslə məşğul olan soydaşlarımız da Azərbaycana üz tutdu və bu da qiyməti yüksəldən amillərdən biri kimi çıxış etdi.
Bilirsiniz ki, bizdə 1-2 il ərzində pandemiya situasiyası, onlayn təhsil oldu və bu da Bakıda tələbələrin yaşayışını məhdudlaşdırdı və onlar daha çox rayonlarda yaşayaraq onlayn təhsil sisteminə qoşuldu. 2022-ci ilin sentyabrı əyani təhsilin mövcudluğu ilə yadda qaldı və bu Bakıda daşınmaz əmlak bazarında qiymətlərinə öz təsirini göstərdi, xüsusilə kirayə seqmentində qiymətləri yüksəltdi.
Eyni zamanda, pandemiya dövrü ilə bağlı bir sıra qadağalar da qoyulmuşdu ki, onların götürülüməsi, məsələn, toy məclislərinə icazə ilə cütlüklərin ailə qurması, əmlak bazarında artıma səbəb oldu.
Bununla yanaşı, ipoteka və kredit zəmanəti fondunun da son bir ildə bazara çox mühüm təsiri formalaşıb. Tez-tez sosial xarakterli kreditlərin ayrılması və ipoteka krediti ilə vətəndaşlarımızın təmin olunması daşınmaz əmlak bazarında dinamizmin artması ilə nəticələnir və bu da təbii ki, qiymətlərin qalxmasında öz təsirini göstərmiş olur. Tələbat olan bazarda qiymətlər öz-özünə yüksəlməyə başlayır.
Son hadisələr - Rusiyada qismən səfərbərliyin elan olunması, İrandakı iğtişaşlar, İran rejiminə qarşı xalqın ayaqlanması və digər hadisələr qonşu dövlət olan Azərbaycana da öz təsirlərini göstərir. Hər iki dövlətdən Azərbaycana axın ehtimalı var və hətta bu ehtimal özünü doğrultmaqdadır. Gələnlər də təbii ki, öz maddi imkanlarına uyğun olaraq müvəqqəti yaşamaq üçün kirayə bazarına üz tuturlar, ya da daimi mənzilə sahib olmaq üçün alqı-satqıya müraciət edirlər. Bütün bu hallarda bu müraciətlərin özü də daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsinə səbəb olur.
Bəs bunu necə aradan qaldırmaq olar?
Təbii ki, getdikcə qiymətlərin artımı, bayaq qeyd etdiyim kimi manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi, zəruri dünyada baş verən inflyasiya prosesinin Azərbaycan manatına təsir göstərməsi ilə əlaqədardır. Bunun qarşısının alınması o qədər də asan məsələ deyil. Dünyadakı proseslərdən ibarət bir təsir mexanizmini Azərbaycan manatında görürük. Təbii ki, ölkə iqtisadiyyatının inkişafı, investisiyaların cəlbi, sosial proyektlərin davamlılığı və eyni zamanda, Azərbaycan hökumətinin ardıcıl iqtisadi siyasəti nəticəsində bu və ya digər şəkildə manatın stabilliyi yenə də qoruna bilər, inflyasiyanın minimuma endirilməsi istiqamətində addımlar atıla bilər, bunlar öz yerində. Tendensiya olaraq inflyasiya, milli valyutalarının dəyərinin düşməsi, alıcılıq qabiliyyətinin düşməsi təbii bir şeydir, bunun qarşısını almaq olmaz. Amma şəhərdəki sıxlığı, ümumiyyətlə şəhər bazarına olan müraciətlərin fonunda şəhər bazarındakı sıxılığın aradan qaldırılmasının bir neçə variantını təklif edirəm.
İlk növbədə, tələbələr üçün yataqxanaların inşası vacib məsələdir. Hər bir universitet bu istiqamətdə dövlətdən kredit götürüb, müəyyən yardımlar əldə edib, bu proyektə start verməlidir. İlk olaraq söhbət pulsuz təhsildən gedirsə, bu tələbələr pulsuz yataqxanalarla təmin olunmalıdır. Yox, əgər ödənişli əsaslarla təhsildən söhbət gedirsə, bu tələbələr də minimum, əlçatan qiymətlərlə yataqxanalarla təmin olunmalıdır. Yataqxanalar mənzil bazarındakı qıtlığı müəyyən qədər aradan qaldıra bilər və bu prosesə ciddi təsir göstərə bilər.
Eyni zamanda, əsas təhsil müəssisələrində müəyyən qədər mərkəzdən uzaqlaşdırılması da həm nəqliyyat sıxlığının azaldılmasına, həm də kirayə axtarma episentrının dəyişdirilməsinə təsir göstərə bilər.
Bundan əlavə, bəzi dövlət qurumlarının da şəhər mərkəzlərindən kənara çıxarılması mümkündür".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31