"Qadınlar özlərindən 5-6 yaş böyük kişi ilə münasibət qurmaq istəyir"- ARAŞDIRMA
21 Oktyabr 2022 11:02 SosialEvlənməzdən əvvəl nəzərə alınmalıdır ki,
sevgi və evlilik bir-birindən fərqlidir. Sevgi ilə evlilik gözəl şeydir. Ancaq, elə vəziyyətlər olur ki, tək sevgi kifayət etmir. Buraya evlilik də daxildir. Çünki, imzalar atıldıqdan sonra təkcə aşiq olduğunuz insanla deyil; onun ailəsi, dostları, mühiti və məsuliyyətləri ilə "evlənirsiniz". Bunun fərqində olmaq, evlilik qərarı verməkdə doğru seçim etməyə kömək edir.
Evlənmədən əvvəl nəzərə alınacaq ilk şey tanışlıq dövrüdür. Tanışlıq dövründə hər şey olduğundan daha yaxşı görünür. Belə desək, qarnında kəpənəklər uçur, ayaqların yerdən qaldırılır, gözlərin parlayır. Tanışlıq ərəfəsi yeni həyata başlamaq, yeni həyata hazırlaşmaq və bir-birini tanımaq fürsətidir. Ailə qurmaq istəyən insanlar bu dövrün fərqində olsalar və buna uyğun hərəkət edərlərsə, xoşbəxt bir evliliyə addım atacaqlar. Burada ən vacib məqam, tanışlıq və nişan kimi dövrləri çox uzun tutmamağa çalışmaqdır. Xüsusən də ölkəmizin şəraitində evlənmək qərarı verildiyi zaman ailələr qarışacaq və evlilik ideyası iki nəfərin yolundan çıxıb başqa ölçülərə çatacaq. Bu dövrlər nə qədər uzun olarsa, bir o qədər çox münaqişəyə səbəb olur.
Bəs, evlilik qərarı verməzdən əvvəl nələrə diqqət edilməlidir?
Evlənməyə qərar verən cütlərin həyatlarını birləşdirməzdən əvvəl diqqət etməli olduqları mühüm məsələlər var. Bu məqamlar nəzərə alınmasa problemlər yarana bilər. Ona görə də həyat yoldaşı olaraq seçiləcək şəxsin həyata baxışı ilə insanın öz baxışı paralel olaraq, oxşar ailə quruluşlarına sahib olmaq, inanc strukturlarının eyni tarazlığa malik olması, cinsi harmoniya kimi məsələlərə diqqət yetirilməsi vacibdir. Ancaq hər şeydən əvvəl, qarşılıqlı hörmət olmalıdır. Həyat yoldaşlarının bir-birlərinə və bir-birlərinin fərqliliklərinə hörməti möhkəm bir əlaqənin əsasını təşkil edir.
Evlilik əvvəldən sona qədər məsuliyyət tələb edən bir hadisədir. Bu məsuliyyəti dərk etmək üçün insanın müəyyən bir yetkinliyə çatması onu öz vəzifələrini dərk etməsinə səbəb olur. Ailəsindən qopa bilməyən, qurduğu ailənin əvəzinə ata-anasını önə çəkən insanlar evliliyə yanaşmamalıdır. Evləndikdən sonra hər bir insan öz ailəsini qurur. Təbii ki, valideynlər təcrübəli olduqları üçün onlara rəhbərlik etməlidirlər. Ancaq bu o demək deyil ki, onlar həyatlarının hər sahəsinə müdaxilə edə bilərlər.
Evlənməzdən öncə özümüzə verməli olduğumuz suallar
-Niyə evlənmək istəyirəm?
-Mənim üçün ideal yoldaş kimdir? Bu necə insan olmalıdır?
Mən niyə bu adamla evlənmək istəyirəm?
Həyata baxışımız oxşardırmı?
Bunlar evliliyin əsasını təşkil edən suallardır və onlara obyektiv cavab verə bilmək sizə olduqca kömək edəcək.
Evlənəcəyiniz insanın mükəmməl olmasını gözləməyin və evləndiyimiz zaman dəyişəcək fikri ilə münasibətə yanaşmayın. Dəyişiklik xarici məcburiyyətlərlə deyil, insanın öz iradəsi daxilindən gələcək bir hadisədir. Əgər partnyorunuzu olduğu kimi qəbul edib, fərqlərinə hörmətlə yanaşsanız, nəyəsə nail ola bilərsiniz.
Mükəmməllik axtarmaq əvəzinə gözə dəyməyən qüsurları ört-basdır etmək daha faydalı olur. Mükəmməlliyi axtarmaq ulduzlara toxunmağa çalışmaq kimidir. Çünki dünyada mükəmməllik tərifinə uyğun gələn nə insan var, nə də evlilik. Evlilikdən əvvəl peşəkar yardım almaq olduqca önəmlidir.
Məsələ ilə bağlı psixoloq Zamin Hüseynov Olaylar.az-ın suallarını cavablandırıb:
-Zamin bəy, evlilikdə yaş faktoru nə qədər önəmlidir?

Avropada 2000-5000 qadın arasında aparılan araşdırmadan sonra məlum olub ki, qadınlar kişilərin özlərindən 52-53 ay böyük olmalarını arzu etdiklərini bildiriblər. Bizim mütəxəssislər, qardaş Türkiyə mütəxəssisləri də bildirir ki, coğrafiyadan asılı olaraq qadınlarımız özündən 5-10 yaş aralığında böyük olan kişi ilə münasibət qurmaq istəyir. Səbəbi isə yetişkinlik faktorudur. Qadınlar xaraktercə güclü, öz ayaqları üzərində durmağı bacaran kişilərə üstünlük verir. Araşdırmalar göstərir ki, sadəcə 1% qadın evlənəcəyi kişinin özündən balaca olmasını arzu edir.
Kişi müəyyən yaşa qədər öz işini qurmalı, gəliri olmalıdır. Həyatını nizam-intizama salmalı, hissləri otumalı, sosial, psixolojik olaraq möhkəmlənməlidir. Bunlar əsas şərtlərdir. Qadın yeni bir həyata başladıqda daha rahat, daha güvəndə olmaq istəyir. Bu da cəmiyyətə görə dəyişir. Bizə görə həyat yoldaşının sabit işi olması, evinin olması, dövrün tələblərinə uyğun olaraq avtomobilinin olması arzuolunandır.
Kişinin yaşca böyük olmasına üstünlük verən qadınlar sadəcə fiziki yaşı nəzərə alaraq demir bunları. Bunun psixolojik təməlləri yaşca böyük kişinin psixolojik, yetişkinlik səviyyəsi, sosial, iqtisadi vəziyyətidir.
-Şəxs psixoloji problemləri gördükdə partnyorundan ayrılmalıdırmı?
Psixoloji problemi olan insanlar hər kəs üçün problemdir. Sadəcə həyatı qurduğu şəxs üçün deyil, valideynləri, qardaş-bacısı, iş yoldaşları üçün də problemdir. Ancaq, burda cütlüklər üçün vacib bir məqam var. Psixoloji problemlər cütlüklər üçün daha çox problemdir. Yeni tanışlıq dövründə cütlüklərin "qarşısında" hər zaman hədiyyələr, komplimentlər, xoş sözlər olur. Bu zaman ərzində bir-birlərinə məsuliyyətdən, öhdəliklərdən bəhs etmirlər. Evlilikdən sonra onları nələrin gözlədiyi haqqında danışmırlar. Bunları görməzlikdən gəlirlər. Necə ailə ilə qohum olacaqları, iqtisadi vəziyyətləri haqqında düşünmürlər. Xanımlar bu şəkildə yanaşmanı sevir, kişilər də bu cür qarşılıq verir. Bahalı hədiyyələr, komfortlu həyat tərzinə görə xanımlar aşağı-yuxarı bəylərin gəlirlərindən xəbərdar olurlar. Evliliyə qədər bu "ödüllər" davam edir. Evlilikdən sonra birlikdə yaşamaq, ailə qayğıları ilə birlikdə məsuliyyət çoxalır. İqtisadi vəziyyət, evdə yaşayan başqa şəxslərin müdaxiləsi problemi yaratmağa başlayır.
Bunun üçün arzu edilən odur ki, evliliyə hazırlaşan cütlüklər gələcəkdəki məsuliyyətləri haqqında danışsınlar. Ailə quracağıq bəs, bizi necə bir həyat gözləyir? Sualı ətrafında düşünsünlər. Bu məsələlər ətrafında uzlaşmalıdırlar. Bəzi mövzularda çətinlik çəkdikləri mütəxəssis köməyi almalıdırlar. Istər evlənməzdən əvvəl, istər sonra əsas məsələ bir birlərini yox, problemləri qarşılarına almalarıdır. Bir-birlərini alçatmaq, yaxınlarının etdiklərini başına qaxanc etmək, səsini ucaltmaq olmaz. Məsələyə "bizim problemimiz var. Birlikdə necə öhdəsindən gələ bilərik?" deyərək yanaşmaq lazımdır.
Evlənmədən öncəki həyatımızla evlənəndən sonraki həyatımız çox fərqlidir. Subay olduğumuz zaman bütün qərarları özümüz veririk, heç kim qarışmır, heç nəyi paylaşmırıq. Evləndikdən sonra isə yoldaşımızın, övladlarımızın, yoldaşımızın ailəsinin məsuliyyətləri üst-üstə gəlir. Nəticədə psixoloji sağlamlıqda problemlər yaranır. Psixoloji sağlamlıq nədir?
Problemi həll etmə funksiyasının insanda formalaşdığı dövrlər var. Həmin dövrdə əgər şəxsiyyət normal inkişaf etməyibsə, şəxs öz problemlərinin öhdəsindən gələ bilmir. Uşaq vaxtından problemlərini başqaları həll edirsə, evlilikdə də problemlərin öhdəsindən gəlmək çətin olur.
Ailələrin dəstəyi cütlüklər üçün dəyərlidir. Gənc yaşlarımda "Ailələr də evlənir" ifadəsi məni güldürürdü. Ancaq anladım ki, ailənin istəyi və dəstəyi olan ailələrin təməli daha möhkəm qurulur. Çünki maddi-mənəvi hər mərhələdə övladlarının yanında olurlar. Bəzi şeyləri onlardan xəbərsiz həll edirlər. Evlilikdə ən çətin dövr ilk illəri sayılır.
Evliliyə psixoloji uyğunluq hüquqi mövzudur. Mən psixoloq kimi deyə bilərəm ki, psixoloji olaraq sağlam böyüyən, bir-birini olduğu kimi qəbul edən, şəxslərin ailə həyatı daha möhkəm, uzunömürlü olur. Burda gözləntilər də rol oynayır. Terapist müayinə zamanı aydınlaşdırır ki, onlar bir-birindən nə istəyir. Partnyorun evlilikdən sonra necə bir həyat gözlədiyini bilmək vacibdir. Şəxsi olduğu kimi sevmək əsas məsələdir. Çünki, gözəllik yaşlanır, pul itkiyə gedə bilir.
Əfsanə Səlimi