Məktəblərdəki neqativlər nazirliyi hərəkətə gətirdi - İntizam Şurası yaradılır
20 Oktyabr 2022 12:51 SosialSon vaxtlar orta məktəblərdən baş verən neqativ olayların sayı artıb. Müşahidələr, gələn xəbərlər onu deməyə əsas verirdi ki, orta məktəblərdə vəziyyət kifayət qədər narahatedicidir. Artıq Elm və Təhsil Nazirliyi hərəkətə keçib. Elm və Təhsil Nazirliyinin məlumatına görə məktəblərdə İntizam Şurası yaradılacaq. Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.
Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər də müəyyənləşib. Şöbə müdiri bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət;
- şagirdlərlə sakit söhbət;
- xəbərdarlıq;
- uzaqlaşdırma;
- valideynlə əlaqə saxlamaq;
- dərsdən sonra şagirdin məktəbdə saxlanması;
- psixoloqa yönləndirmə;
- sarı xəbərdarlıq məktubu;
- narıncı xəbərdarlıq;
- qırmızı xəbərdarlıq.
Nəzərə çatdıraq ki, məktəblərdə problem təkcə şagirdlərlə bağlı deyil. Savadsız, sinifdə qəsdən normal dərs keçməyib uşaqları fərdi hazırlığına cəlb edən, intizamsız, şagirdlərlə kobud rəftar edən müəllimlər, məktəbdə qalmaqal yaradan valideynlər də var.
Valideynlər/qanuni nümayəndələr, məktəb heyəti va şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb.
Həmin davranış nümunələri aşağıdakılardır:
- Alçaldıcı, təhqiredici və hədələyici ünsiyyətə yol vermək;
- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək;
- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək;
- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək;
- Radikal dini və siyasi baxışları təbliğ etmək;
- İctimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək;
- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud və ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək;
- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.