Azərbaycanda yalan və şantaj yazan mediaya qarşı tədbirlər sərtləşdirilməlidir - ÖZƏL
14 Oktyabr 2022 13:32 Sosial"Türkiyədə "Sosial media haqqında" qanunun qüvvəyə minməsi günümüzün reallığı baxımından çox mühümdür. Sözügedən qanunda əksini tapan bir sıra nüanslar onu deməyə əsas verir ki. qardaş ölkədə də bəzi elektron KİV-lər yalan və həqiqətə uyğun olmayan, insanların işgüzar nüfuzuna zərbə vuran xəbərlər, diqəqləşdirilməmiş məlumatlar yayırlar. Bu baxımdan qanunda əksini tapan "sosial mediada dezinformasiya yayan şəxsləri 3 ilə qədər həbs gözləyir" maddəsi bu kimi mənfi halların aradan qaldırılmasına yol açacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda da günümüzdə bu kimi neqativ hallar mövcuddur: "Reallıq ondan ibarətdir ki, Azərbaycanda da bəzi saytlar tərəfindən yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallar verilməsinə tez-tez rast gəlirik. Düzdür, bizdə bu məqsədlə reket mediaya qarşı mübarizə gücləndirilsə və müəyyən xəbərdaredici addımlar atılsa da, ancaq görünən odur ki, bu kimi tədbirlər həmin neqativ hallarla məşğul olan "jurnalistlərə" kifayət etmir, onlar yenə də öz pis əməllərini, jurnalist adına ləkə olan fəaliyyətlərini davam etdirirlər. Ona görə də hesab edirəm ki, sosial mediada yalan və böhtanın ciddi problem olması, insanların şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi hallarına qarşı həm qanunun tələblərindən mümkün qədər istifadə edilməli, həm də belə şəxslərə qarşı tədbirlər sərtləşdirilməlidir".
Süleyman İsmayılbəyli onu da diqqətə çatdırıb ki, rəsmi ünvanı olmayan saytın xəbər saytı hesab edilməməsi də mediada mənfi halların aradan qaldırılmasına yönəlik addımlardandır: "Kimsə bir domen alıb dost-tanışına sayt yığdırır və saytda da heç bir ünvan göstərmir. Seyid cəddinə arxayın olan kimi bu da müvafiq qurumlar, yazdığı yalan məlumata görə, etiraz edəcək şəxslərin onu tapa bilməməsinə əmin olub başlayır öz neqativ əməllərini davam etdirməyə. Etiraf edək ki, Azərbaycanda belə media qurumları çox saydaddır və düşünürəm ki, ölkəmizdə də Türkiyə təcrübəsinin tətbiq edilməsinə ehtiyac var".