Canlı ikən ölən gənclik...
14 Oktyabr 2022 10:47 SosialAdətən düşüncələrimi məşğul edən suallar olur. İnsan ölümdən qorxurmu?
Məncə, yox. İnsan sonunu bilmədiyi heç nədən qorxmur. Əgər qorxsaydı, narkotikə əlini belə uzatmazdı.
"Ölmək" və "Ölü kimi yaşamaq". Hər iki ifadə içərisində "ölüm" sözü olsa da, biri çıxış yoludur-insanların qorxmadığı. Digəri isə adamı qorxudur. Məni qorxudan, ürəyimi bulandıran srağagün qrup halında narkotik istifadə edən gənclər idi. Hansı ki, biz onlarla ictimai nəqliyyatda, gündəlik həyatda qarşılaşırıq. Hansı ki, onlar da hansısa ata-ananın gözünün qarasıdır. Məhv olublar. Yaşayırlar ancaq, ölüblər. İnsanı ayaqda saxlayan şey ümidlərdir. Həmin ümidləri insanlar özü düşünür, xəyal qurur və yaşamağa can atır. Narkotik istifadəçiləri üçün isə ümidlər hansısa maddəyə bağlıdır. Həmin maddə yoxdursa, həyat yoxdur. Ağrı, hissizlik, dəli olmaq var...
Doğulduğu andan etibarən göbək bağı kəsilərək, anasından ayrılan bir fərdin hansısa maddəyə bağlı olması çox böyük faciədir. Oğlunun o vəziyyətini görməkdənsə, tabutunu görməyi seçər bir çox valideynlər.
Hardasa bir qarajın arxasında bir-birinə iynə vasitəsilə narkotik yeridən gənclərin hər biri silah tutan əsgər, yaxşı bir ata, müəllim, həkim ola bilərdi. Bilirsiniz, belə adamları cəmiyyətə qaytarmaq olduqca çətindir.
Bəs biz harda səhv edirik?
Media, təhsil harda səhv edir?
Uşaqlıqdan bu yana bizə xırda informasiyalarla, əmr forması ilə deyilir ki, narkotikdən uzaq dur! Amma heç kim niyəsini izah etmir. Soruşanda da deyirlər ki, "ölümə aparır". Mən də sizdən soruşuram, heç nəyi olmayan adamın ölümdən nə qorxusu ola bilər?
Onlar bilmir ki, ən böyük sərvət içlərindədi. Sevinc hissi, yaşam həvəsi, xoşbəxtlik... Narkotik isə bunları hissə-hissə alır, geri qaytarmır. Əvvəl zövq versə də, yerini ağrıya, intihara buraxır.
İctimai yerlərə yapışdırılan yazıların mənə görə heç bir əhəmiyyəti yoxdur. Müəyyən yaşa çatan adamlar ya bu tələyə düşüb, ya da düşməyib. Düşən insanlar üçün həmin elanlar faydasız, digərləri üçün lazımsızdır.
Media və təhsilin rolu burda da öz sözünü deyir. Azyaşlılara çağın bəlasını ən xırda detalına qədər izah etmək, videoçarxlar hazırlamaq, vizuallıqda onlara təsir göstərmək çətin deyil. Axı, hazırda ölkəmiz üçün ən böyük təhlükələrdən biridir-narkotik!
Qrup halında narkotik istifadə edənləri həbs etmək nə qədər doğrudur bilmirəm. Onlara lazım olan şey müalicədir. Azyaşlılara lazım olan şey isə mütaliədir. Çünki, artıq heç birimiz yaşayan ölüyə çevrilmək istəmirik!.
Əfsanə Kamal