Milliliklə dəbdəbə arasında qalan mərasim- TOY
14 Oktyabr 2022 10:05 SosialBir neçə il öncə mənasız toy adətlərini düşünəndə deyirdim ki, "nəyə lazımdır bunlar?"
Dədədən,babadan qalma hər şeyin mənası olmalı idi mənə görə. İndi millilikdən qaçaraq uzaqlaşdığımız bir vaxtda gündən-günə artan, çox xərc tələb edən məsələləri görəndə adət-ənənəyə şükür edirəm. Mənasız olsa da, xərci yox idi. İndi isə həm mənasızdır, həm də xərci çoxdur.
Evlilikdən söhbət düşəndə minlərlə gənc "daş atıb,başını tutur". Əsas da kişilər. Əvvəllər kişilər qızların evdarlıq qabiliyyətinə baxırdısa, indi az qalsın hamısı atasının puluna baxır. Səbəb elə həmin o mənasız xərclərdir. Həyat standartları o qədər dəyişib, çoxalıb ki, pul ən vacib faktora çevrilib. "Özün ək, özün ye" dövrü bitib artıq.
Ailə "dolandırmaq" məsələsində yeni standartlar bəlli olub. Hər kəs çalışmalıdır. Təbii ki, bu, çox yaxşı haldır. Əmək qabiliyyəti olan hər bir kəs öz istəyi ilə işə cəlb edilməlidir. Ancaq, bizdə ki, "işləyək, bir tərəfə çıxaq" ifadəsi var, biz heç zaman hansısa tərəfə çıxa bilmirik. Tərəfin nə olduğunu bilən varmı ümumiyyətlə?
Sadəcə yaxşı bir evə və ya maşına fokuslanan bir toplumda inkişafdan söhbət gedə bilərmi?
"O, tərəf sizin bildiyiniz tərəflərdən deyil"
"Tərəf" adını verdiyiniz şeylər yaxşı təhsil, sevdiyiniz iş, problemsiz ailə olmadığı müddətcə, heç kim xoşbəxt olan deyil. Ona görə ictimai nəqliyyatda bir-birinə qarşı aqresiya baş alıb gedir. . Maddi şeylərə fokuslanan bir cəmiyyətin, maddiyyatı azaldıqca, üzünün nuru ölür. O tərəfdə nə vaxt ki, nəsil artırmaq yox, cəmiyyət üçün faydalı fərd yetişdirmək istəyəcək gənclər olacaq, o zaman, evliliyə can atacaqlar.
Gənclər nəyə görə evlənmək istəmir?
Ətrafınızda çox sayda subay gənc var, bilirəm. Statistikaya əsasən, özü seçdiyi şəxslə ailə quran insanlar arasında da boşanma sayları az deyil. Ona görə görücü üsulu və ya öz seçiminlə evlənmək mövzusunu müzakirə etməyə dəyməz.
Başlayaq işin göstəriş tərəfindən...
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə bizdə ancaq bəzək-düzək, dəbdəbə inkişaf edir. 4-5 mərtəbəli tortlar, bahalı zinət əşyaları, kirayə, həm də olduqca bahalı xonçalar...
Bel bağından tutmuş dırnaq boyasına qədər. Dırnaq boyası demişkən, gərək, bir gün ağsaqqallar yığışıb qərar versin görək gəlin olmağa hazırlaşan qızların dırnaq qaynağının pulunu oğlan tərəfi verməlidir, yoxsa qız ?
Baho! Böyük problemdir. Nəzərə alsaq ki, qiyməti az qala 30 manatdır, atmaq lazımdır oğlan tərəfin üstünə. Nənələrimizin belə şeyləri olmayıb deyə, bilmirik, üzrlü sayın.
Bu mövzunun özüm şahidi olmuşam. Hər şeyi bir-birinin üstünə atmağa çalışan ailələr toyda qol qaldırıb, "Qudam" mahnısı sədaları altında rəqs edəcəklər. Göydən də başlarına "şabaş" yox, problemlər ələnəcək.
Dəbdəbə məsələsi haqqında isə deməyim odur ki, olan eləsin, lap Allah xoşbəxt də eləsin. Bəs olmayanlar nəyə görə olurmuş kimi göstərmək çabasındadır?
Gəlin köçməyə hazırlaşan qızlar anlamalıdır ki, yeni evində nə qədər çox borc olsa, o da o qədər hüzursuz olacaq. Çox böyük borclarla toyu yola verməyə çalışan ailələr bunu düşünməlidir. Bu etdikləri nə indi, nə də gələcək üçün sərmayə ola bilməz.
Sadəcə bir nikahla həll olunacaq prosesi bu qədər uzatmağa dəyərmi? İndi qərar sizdədir...
Toy biznesi "döyər", yoxsa digərləri?
Toy qeyri-neft sektoru içərisində ən çox gəlir gətirən sektorlardan biridir. Bir şey ki, zurna çalanından tutmuş, bəy atasına qədər hər kəs qazanacaq, bu biznesi çökərtmək mümkün olarmı? Əlbəttə, yox. Pandemiya zamanında kiçik iaşə obyektləri qan ağlayırdı. Çörəyini sözün əsl mənasında toydan çıxaran şəxslər var. Qəfil bir qərar olsa və birdəfəlik bu mərasim yığışdırılsa, necə olar heç təsəvvür etmisiniz? Minlərlə insan işsiz qalar. Onsuz da bizim qarşı çıxdığımız şey toy deyil, göstərişdir, ayağını yorğanına görə uzatmamaqdır. Toy zövq üçün, sevdiklərini ətrafında görmək üçün edilən bir mərasim olmalıdır. İndi isə, həmin missiyadan tamamilə uzaqlaşıb, biznesə çevrilib. Toya hazırlıq və toydan sonra ola biləcək xərcləri düşünən gənclər də evlilikdən qaçır. Sırf hər şeyin "mükəmməli" olsun deyə, illərlə sevdiyi qıza elçi gedə bilməyən oğlanlar var. Qovuşmaq indiki dövün gəncləri üçün çox daha çətin hal alıb. Müasir dövrün çoxlu sayda Leyli və Məcnunu var. Amma hər kəs onlardan bixəbərdir. Fərhadın ən azından dağları yaracaq qüvvəti var idi. İndi o qüvvə puldur və hər adamda olmur...
Boşanmaq daha asandır...
Fərq budur. Evlənmək asan, boşanmaq çətin olmalı idi əslində. Ancaq indi tək bir imza ilə ömür-gün yoldaşınla həyatını ayıra bilirsən. Söz yox, maddi durumla yanaşı, sosial media da evdə dava-dalaşa səbəb olur. İnsanlar bir- biri üçün olduqca əlçatandır. Hər biri xəyanətə və söz-söhbətə zəmin yaradır.
Nəticəyə baxaq
İki gənc bir-birini bəyənir və ya ailəsi oğlan üçün qız bəyənir. Ardınca toy hazırlıqları başlayır. Borc alınır, kredit çəkilir. Toydan sonra həmin kreditin ödənilməsi haqqında düşünülür. Sonra övlad dünyaya gəlir, xərclər ikiqat çoxalır. Maddi şeylərə görə davalar başlayır və nəticədə ailə dağılır. Dağılan ailədən geriyə qalan borclar və psixologiyası pozulan azyaşlılar olur.
Demək istədiyim bunlardır. Həmin o göstərişin və dəbdəbənin mənası qaldımı?
"Filankəs oğluna bir toy elədi, gəl, görəsən" ifadəsinin altında nə qədər xərc yatır, insanlar bilirmi?
Sözüm gənclərədir, dəyərmi?
Ailə olmaq maddiyyat üzərində qurulursa, sonu hər zaman belədir. Ailə olmağı dərk etməyən insanlar ümumiyyətlə, evlənməməlidir. Çünki, uğursuz evlilik təkcə sizin yox, bütöv bir toplumun uğursuzluğudur.
Əfsanə Kamal