Bu iki ölkədən başqa dünyanın hər yerində ev işlərini daha çox qadınlar görür...

Ev əsasən kişilərin istirahət yeri olduğu halda, qadınların əlavə məsuliyyət və öhdəliklərinin olduğu yerdir. Belə ki, evdə qadınların iş həyatından əlavə ev işləri, uşaq baxımı kimi  vəzifələrinin olduğu məlumdur.

Cəmiyyətdə əsasını kimin qoyduğu bəlli olmayan, lakin ev işlərini sanki yalnız qadınların üstlənməli olduğu kimi fikir var. Hal belə olduqda qadınların iş həyatına, evə, uşaqlara, özünə ayırdığı zaman da məhdud olur. Bütün dünyada gender bərabərliyini təmin etmək üçün mühim addımlar atılmasına baxmayaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, hətta inkişaf etmiş ölkələrdə belə qadın və kişilər arasında ev işlərinin paylaşılmasında böyük bərabərsizlik var.

Maraqlıdır, hansı ölkələrdə qadınlar ev işlərinə nə qədər vaxt ayırır? Kişilərin ev işi gördüyü ölkələr varmı?

Gundem.az-ın əməkdaşı bu dəfə "Xəbəriniz olsun" rubrikasında sözügedən mövzunu araşdırıb:

Ölkələrdəki vəziyyəti tək-tək analiz etməyə başlamadan əvvəl qeyd edək ki, Macarıstan və ABŞ-dan başqa digər bütün ölkələrdə kişilər uşaqların baxımına, təhsilinə qadınlarla müqayisədə daha az zaman ayırır.

Statistikaya görə, işsiz atalar gündə təxminən 63 dəqiqəsini uşaqlarına sərf edir. İşləyən analar üçün isə bu müddət 83 dəqiqədir.

Türkiyə 

Qardaş ölkə Türkiyə qadınların özlərinə ən az zaman ayırdığı ölkələr arasında ön sıradadır. Belə ki, Türkiyədə demək olar ki, Hollandiya əhalisinin sayı qədər evdar xanım var. Bu xanımların arasında işləmək imkanı, ixtisası olan, lakin iş tapa bilməyənlər də çoxluq təşkil edir. Bu ölkədə istər işləyən, istərsə də evdar qadınlar hər gün orta hesabla zamanının 377 dəqiqəsini ev işlərinə sərf edirlər.

Hindistan

1,2 milyard əhalisi ilə dünyanın ikinci ən sıx məskunlaşdığı ölkəsi olan Hindistan qadınların ən çox ev işləri ilə məşğul olduğu ölkələrin ilk üçlüyünə daxildir. Hindistanlı qadınlar gündə 352 dəqiqəsini ev işlərinə  sərf edirlər.

Portuqaliya

Hamının tərifləyərək bitirə bilmədiyi Avropa ölkələrində belə ev işlərinin bir çox qismi qadınlara məxsusdur. Xoşbəxt insanlar ölkəsi kimi tanınan Portuqaliyada qadınların çox xoşbəxt olmadığı bəzi məqamlar var. Belə ki, burada qadınlar gündə 328 dəqiqə ev işləri ilə məşğul olurlar. 

Yaponiya

Disiplin və intizam qaydaları ilə məşhur olan Yaponiyada da ev işlərində gender bərabərliyi pozulub. İkinci Dünya Müharibəsindən sonra qısa bir zamanda dağıdılmış ölkələrini bərpa edən yapon xalqının kişiləri də ev işlərindən uzaqdırlar. Bu zəhmətkeş xalqın qadınları gündə 300 dəqiqəsini ev işlərinə sərf edir.

Sloveniya

2 milyon əhalisi olan Sloveniyada qadınlar gündə vaxtının 286 dəqiqəsini ev işlərinə sərf edirlər.

İsveç

İsveç Avropa İttifaqının gender bərabərliyi indeksi siyahısında ön sıradadır. İsveçdə qadınların təxminən 80%- i işlə təmin olunub. Lakin bu ölkədə də qadınların 74%-i evdə iş görür və ya ən azı gündə bir saat yemək hazırlayırsa, kişilərdə bu göstərici 56%-dir. Avropa üzrə isə orta göstəricilər müvafiq olaraq 79% və 34% təşkil edir.

Məlumat üçün qeyd edək ki, 2021-ci ilin statistikasına əsasən,  Azərbaycanda 182 000-dən çox qadın işsizdir. Bu rəqəm kişilərdə isə 132 000-i əhatə edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31