Deputat şəhid ailəsini ziyarət edib - ÖZƏL

Millət vəkili Tamam Cəfərova şəhid Əliyev Rauf İlyas oğlunun ailəsini ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Dünən Şamaxı rayonunun şəhidlərindən Əliyev Rauf İlyas oğlunun şəhadətə ucalmasnın ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət etdim. Şəhidimizin anası Səbinə xanımla söhbətləşdik, şəhidimizin əziz xatirəsini yad etdik. Allahdan bütün şəhidlərimizə rəhmət dilədik.

Rauf Əliyev 1993-cü il fevralın 11-də Şamaxı şəhərində anadan olub. 1999-2008-ci illərdə E.Hüseynov adına 2 saylı Şamaxı şəhər tam orta məktəbində, 2008-2012-ci illərdə isə S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində tar ixtisası üzrə təhsil alıb.2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi kimi fəaliyyət göstərirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rauf Əliyev sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları  ilə təltif edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31