Köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı üçün ciddi iş aparılır
7 Oktyabr 2022 10:41 Sosialİstiqamət - işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Otuz il ərzində erməni tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə bərpa-quruculuq işləri və zəruri infrastrukturun yaradılması strateji prioritetlər sırasına daxil olub. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri zamanı açılışını etdiyi obyektlərin təyinatı deməyə əsas verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl və məqsədyönlü xarakter daşıyır. Məhz məqsədyönlü şəkildə görülən işlərin nəticəsidir ki, Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi prosesi davam etdirilir. Məlumat üçün qeyd edək ki, ilkin mərhələdə otuz ilə yaxın yurd həsrəti ilə yaşayan 48 nəfər - 10 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşıb. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq əhalinin köçrülüməsinin ikinci mərhələsi də başa çatıb. Məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyindən öz doğma yurdlarına yola salınıb. Xatırladaq ki, Zəngilana köçürülmə prosesi 4 mərhələdə həyata keçiriləcək. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.
Kəlbəcər rayonunun bərpası və yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Hazırda Kəlbəcər rayonunun elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün mühüm addımlar atılır. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun inşa olunması, "İstisu"ya öz əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlər və digər tədbirlər Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir. Digər tərəfdən, Laçın rayonunun Qorçu kəndinin ərazisində hava limanının inşası istiqamətində atılan addımlar da mühüm strateji əhəmiyyətə malikdir. Birincisi, hava limanının tikilməsi regionun sosial-iqtisadi inkişafının təmin olunması, turizm potensialının artırılması baxımından olduqca əhəmiyyətlidir. İkincisi, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın hava limanının fəaliyyəti logistik mərkəzlərin yaradılmasına mühüm töhfə verəcək. Bütün növ təyyarələrin, o cümlədən ən ağır yük təyyarələrinin də bu hava limanlarına enə bilməsi mühüm üstünlüklər yaradacaq. Xüsusilə də, bu amil azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası bu torpaqlara Böyük Qayıdışın təmin olunması üçün yeni imkanlar açacaq. Bütövlükdə isə Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması baxımından çox önəmlidir.
Hazırda köçkünlərin Laçın şəhərinə qaytarılması istiqamətində ciddi iş aparılır. Prezident İlham Əliyev Laçına səfəri zamanı qeyd edib ki, indi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək: "Artıq buna hazırlıq işləri görülür. Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik. Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir. Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər istiqamətləri, Horadiz-Ağbənd istiqamətini demirəm. Ancaq Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü - Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək, - o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verilibdir. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır. Elektrik enerjisi ilə bağlı dərhal buraya mütəxəssislər ezam edilmişdir. Laçının elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər görüldü, generatorlar gətirildi. Güləbird Su Elektrik Stansiyasından, - hansı ki, biz qısa müddət ərzində inşa etmişik, - buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq. Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik".
Bir necə gün öncə keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub. Məlumat üçün bildirək ki, Ağdam şəhərinin təsdiq edilmiş baş planına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb. Ərazi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin "İmarət" adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır. Layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək. Yaşayış məhəlləsində 3068 nəfər məskunlaşdırılacaq. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
Ardınca Ağdam rayonunun Sarıcalı kəndinin təməli qoyulub. Sarıcalı kəndi 1720 nəfər (425 ailə) əhali üçün planlaşdırılır. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qeyd edib ki, işğaldan azad olunan ərazi çox böyükdür. Orada dövlətimiz tərəfindən əsaslı bərpa və quruculuq işləri aparılır: "Bizim bu məsələdə dəstəyə ehtiyacımız vardır. Ən mühüm məsələ ərazilərin minalardan təmizlənməsidir. Azərbaycan minalanmış sahələrin təmizlənməsi işini müvafiq şəkildə aparır. Bu, çox vaxt və maliyyə tələb edən məsələdir. Minalar təmizlənməlidir ki, insanlar evlərinə qayıda bilsinlər. Artıq Zəngilanın Ağalı kəndində yaşayış var. Görüləcək işlər hələ çoxdur. Nəqliyyat-kommunikasiya xətlərinin, yolların tikilməsi, xəstəxanaların inşa edilməsi, ümumiyyətlə, infrastrukturun yaradılması mərhələli şəkildə həyata keçirilir. Gələn il 66 min məcburi köçkünün öz evlərinə qayıtması planlaşdırılır". Araz İmanov diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində min hektarlarla sahə məhv edilib, yaşayış məskənləri dağıdılıb. Həmçinin mədəni, dini və tarixi abidələrimiz məhv edilib. Odur ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq proseslərinin sürətləndirilməsi işində beyin mərkəzlərinin təşəbbüsləri və verəcəyi töhfələr çox mühümdür". Göründüyü kimi köçkünlərin işğaldan azad edilmiş ərazilərimizə qayıdışı istiqamətində ciddi iş aparılır. İnfrastrukturlar yaradılır, sosial obyektlər inşaa edilir, yeni iş yerləri açılır, əhalinin firafan yaşaması üçün bütün imkanlar təmin edilir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir