Məktəblərimizin kişi müəllimi problemi
7 Oktyabr 2022 10:56 SosialBu gün Azərbaycanda kişi və qadın müəllimlər arasında xeyli say fərqi var. Orta məktəblərdə kişi müəllimlərin sayında ciddi şəkildə azalma müşahidə olunur. Ölkədə təhsil müəssisələrinin 80%ni qadın müəllimlər təşkil edir. Amma kişi və qadın müəllimlər arasında bu qədər böyük say nisbətinin olması cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət qadın müəllimlərin üstünlük təşkil etməsinin oğlan uşaqlarının psixologiyasına mənfi təsir etdiyini düşünür. Valideynlər orta məktəblərdə kişi müəllimlərin sayının artmasının tərəfdarıdırlar. Bəzi valideynlər, xüsusilə də qız anaları əksinə, məktəblərdə kişi müəllimlərinə ümumiyyətlə yer verilməməlidir deyə düşünür.
Təəssüf ki, təhsildə qadın müəllimlərin çox, kişi müəlimlərin az olması problemi təkcə Azərbaycanda deyil, bütün dünyada olan qlobal bir problemdir. Bu problemin müxtəlif səbəbləri var. Əsas səbəb isə müəllimlik peşəsinin məvacibinin az olmasıdır.
"Qızlarımızın nə üçün əsasən pedaqoji yönümlü ixtisaslara üstünlük verməsinin əsas səbəbi mental düşüncə tərzi ilə bağlıdır"

Təhsil eksperti Elçin Əfəndinin də sözlərinə görə, təhsil müəssisələrində qadın müəllimlərin üstünlük təşkil etməsinin əsas səbəbi demək olar ki, əmək haqqının azlığıdır:
"Kişi müəllimlər faktiki əmək haqqını nəzərə alaraq da sırf pedaqoji yönümlü abituriyent dövründə ixtisaslarını seçmirlər. Çünki orta ümumtəhsil müəssisəsində çalışan bir müəllim, yəni söhbət kişi cinsinə mənsub şəxslərdən gedir, onlar alacaqları məvacib ilə müvafiq olaraq yaşam şəraitlərini yaxşılaşdıra bilməyəcəklərini düşünürlər və bu səbəbdən də qeyri-pedaqojik ixtisaslara üstünlük verirlər. Bunun da nəticəsində əlbəttə orta ümumtəhsil müəssisələrində, eyni zamanda digər təhsil müəssisələrində, yəni orta ixtisas və yaxud da ali təhsil müəssisələrində kişi müəllimlərin say baxımından azlığı müşahidə olunur.
Qızlarımızın nə üçün əsasən pedaqoji yönümlü ixtisaslara üstünlük verməsinin əsas səbəbi isə mental düşüncə tərzi, mental təfəkkür ilə bağlıdır. Çünki bəzi ailələr hələ də qız övladlarının ancaq müəllimlik ixtisasına uyğun gəldiyini düşünürlər. Yəni yalnız qızdırsa, yalnız müəllim olmalıdır prinsipi ilə yanaşdıqları üçün burda gender bərabərliyi məsələsi pozulur və nəticə etibarilə də onlar müəllimlik istiqamətinə üz tuturlar və bunun da nəticəsi olaraq bu gün biz təhsil müəssisələrində daha çox xanımları görürük. Düşünürəm ki, bütün bunların qarşısını almaq üçün ilk növbədə müəlllimlərin əmək haqqı məsələsinə baxılmalıdır, əmək haqqı artırılmalıdır. Stimullaşdırıcı addım olaraq sırf pedaqoji ixtisasları seçən kişi cinsinə mənsub şəxslərə əlavə təqaüdlərin verilməsi və yaxud da gələcəkdə müvafiq sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı addımlar atılmalıdır ki, bu ixtisaslar üzrə kişilər də ixtisaslaşma dövründə seçim aparsınlar. Xanımlara gəldikdə isə, onlar da qeyri-pedaqoji ixtisasları seçə bilərlər. Yəni biz burda mütləq deyil düşünək ki, sırf pedaqoji yöndə, həkimlik ixtisasında sırf qadınlar oxumalıdır və s. İnformasiya texnologiyaları yönündə ixtisaslarıdır, eyni zamanda, mühasibatlıq, maliyyə, biznes və bu qəbildən olan digər ixtisaslarda da qızların oxunmasında hər hansı bir narahatlıq yoxdur. Düşünürəm ki, ailələr bu tərəfi də düşünsələr, ən azından biz gələcəkdə təhsil müəssisələrində çalışan bərabər cins nümayəndələrini görərik. Əks halda təəssüf ki, yenə eyni vəziyyət qalacaq və eyni vəziyyətin qalması da cəmiyyət üçün xoş mənzərə bəxş etmir. Bu gün məktəbəqədər təhsil pilləsində təhsil alan övladlarımız yalnız xanımları görür. İbtidai təhsil pilləsində, yuxarı siniflərdə və kollec, universitetlərdə də yenə də xanımlar. Yəni bir növ xanımların xarakter və xüsusiyyətlərini istər oğlanlar, istərsə də qızlar artıq tədricən mənimsəyirlər. Nəticədə bu gün cəmiyyətimizdə yəqin ki, özünüz də şahid olursunuz ki, bir qədər fərqli xüsusiyyətli uşaqlar böyüyür. Yəni bunu mütləq nəzərə almaq lazımdır ki, bu cür davam eləsə, bu deqradasiyanın qarşısı alınmalıdır. Düzdür, hazırda ölkəmizdə təəssüf ki, qızların sayı azalmağa doğru gedir, statistika baxımından oğlanlar daha çoxdur. Artıq kişi cinsinə mənsub şəxslərin sayı qadın cinsini üstələyib. Digər bir statistikanı da nəzərinizə çatdırım ki, faktiki olaraq istər orta ixtisas təhsili müəssisələrində, istər ali təhsil müəssisələrində və həmçinin orta ümumtəhsil müəssisələrində təhsilin yuxarı pilləsində artıq qızların sayı azalır. Yəni, bir növ qız uşaqları yuxarı təhsil pilləsində təhsilini davam etdirməmək kimi bir problemlə üzləşirlər. Bu da erkən nikaha cəlbetmə ilə bağlıdır. Eyni zamanda bəzi ailələrin qız övladlarını oxutmaması ilə bağlıdır. Məsələn, 9-10-cu sinifdə qız uşaqları nə kollec istiqamətinə getmirlər, nə də təhsilin digər pilləsini, 10-11-ci sinifi davam etmirlər".
"Təhsilimizin səviyyəsi aşağıdır və müəllimlərin əksəriyyəti rüşvətxordur"

Sosioloq Ramil Nəcəfli bildirir ki, təhsil müəssisələrində qadın və kişilərin sayında balansın pozulması problemlər yarada bilər:
"Məktəblərdə müəllimlərin az qala 80%-i qadınlardan ibarətdir. Bu da çox pis bir haldır. Balans qorunub saxlanılmalıdır. Mən düşünürəm ki, ya qadınlarla kişilərin sayı bərabər olmalıdır, ya da kişilər üstünlük təşkil etməlidir. Ona görə ki, istər bağçalarda, istər orta məktəblərdə qadın müəllimlərin üstünlük təşkil etməsi heç nəyi dəyişmir. Məktəb direktorlarından tutmuş, müəllimlərə qədər hamısı qadın müəllimlərdir. Yenə də təhsilimizin səviyyəsi aşağıdır və müəllimlərin əksəriyyəti rüşvətxordur. Bunun cəmiyyətə vurduğu ziyan göz qabağındadır.
Bundan əlavə, orta məktəblərdə oğlan uşaqları sadəcə qadınların tərbiyəsi altında olmamalıdır, kişi müəllimlərin də olması şərtdir. Qadın müəllimlərin zəhmi yoxdur deyə, onlara qarşı saymamazlıq, hörmətsizlik edənlər olur və bunun qarşısını ala bilmirlər. Ona görə düşünürəm ki, kişi müəllimlərin sayı çox olmalıdır.
Amma təbii ki, balansın kişi müəllimlərin sayı ilə pozulması da düzgün deyil".
Mütəxəssislərin də fikirlərindən göründüyü kimi, qadın müəllimlərin çox olması oğlan şagirdlərin davranışına da mənfi təsir göstərir. İbtidai siniflərdə bu çox özünü biruzə etməsə də, sonrakı illərdə bu bir başa uşağın psixikasına təsir edir. Qadın müəllimələr arasında böyüyən uşaqda müxtəlif qadınlara xas xüsusiyyətlər, davranışlar özünü göstərə bilir. Qadın cəmiyyətində böyüyən oğlan uşaqlarında, kişi xarakteri gec formalaşır və ya formalaşmır. Gələcək həyatlarında isə bu öz mənfi təsirini göstərir. Oğlanlar qadın müəllimlərdəki keyfiyyətləri götürürlər, emosional olurlar, hissləri tərəfindən idarə edilirlər. Buna görə daha çox qadın müəllimələrin dərs deməsi yetişməkdə olan oğlan uşaqlarına, xüsusilə onların emosional təfəkkürlərinə mənfi təsir göstərir. Özləri də bilmədən, hiss etmədən qadın müəllimlərin hərəkətlərini yamsılayırlar. Bu cür oğlan uşaqlarında kişilərə xas qətiyyət, konkretlik azalır, xaraktersizlik meydana gəlir. Belə uşaqlarda mənlik duyğusu aşağı səviyyədə olur. Bu səbəbdən də kişi müəllimlərin də təhsilə cəlb edilməsi vacib məsələdir. Bunun üçün isə, müəllimlərin əmək haqqı bir daha gözdən keçirilməli və müəllimlik peşəsi bir qədər yüksəldilməlidir.
Röyalə Xəyal