Özündən sonra vətənsevər nəsillər yetişdirən addır Şəhid...

İndiyə qədər məni çox az söz bir anlıq paramparça edib. Onlardan biri də şəhid leytenant Əliyev Emin Elmar oğlunun anasının dilindən olan "maman öləydi" kəliməsidir.
Nə qədər dərin sözdür, anlamaq çətin deyil. Qadınlar yaşamağı sevir axı, bəzənməyi, əylənməyi... Qadınlar həyatı sevir, çünki, dünyaya gətirən qüvvədirlər. Bir qadın özünə yalnız övladı üçün ölüm arzulaya bilər. Acılar var ki, ölümdən betərdir.
Bu sözləri ona görə yazıram ki, bilsin bütün şəhid anaları qəlbimiz sizinlə birlikdə yanır. Sizin acınız bizim, bizlərin acısıdır. Övladlarınızın adı gələndə qəhrəman kimi xatırlayırıq onları. Hekayəmizin saysız-hesabsız qəhrəmanlarından biri də Emindir. Yaraşıqlı oğlandı. Üzünə baxanda bilinir, tam bir mələkdir. Elə bir mələkdir ki, yağış yağır deyə əsgərə xidməti postuna çıxmağa icazə verməyib, özü çıxıb. Nəticədə şəhid olub. Bundan gözəl şəhadət olar, İlahi?! 
Özü istəyərək şəhidlik zirvəsinə yüksəlib. Bəlkə də qəfil gələn bir istəklə...
Emin 1988-ci il yanvar ayının 1 də dünyaya göz açıb. 8-ci sinifədək 46 saylı məktəbdə təhsil alıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib. Daha sonra Hərbi Akademiyaya qəbul olaraq xəyalını gerçəkləşdirib. Hərbçi ailəsində dünyaya göz açan Emin üçün bu, başqa bir qürur idi. 
Eminin şəklini görən bir çox adam mən bu gənci "haradansa" tanıyıram deyir. Siması bizə çox tanış gələn bu oğlan, sən demə, çoxdan fəth edib, könüllərimizi. Emin haqqında sosial şəbəkədə etdiyim paylaşımdan sonra Gəncədən onu tanıyan biri Eminin nə qədər mərd, savadlı, çalışqan oğlan olduğunu qeyd edib. 
Uşaqlığlnda, gəncliyində ətrafdaki insanlar tərəfindən sevilən Emin, elə bizim rəğbət bəslədiyimiz ən uca məqama yüksəlib.
Atasını 10 yaşında itirən Emin, 23 yaşında şəhidlik zirvəsinə ucalıb. 2011-ci il 3 noyabr tarixində ailəsi Eminin şəhid olduğu xəbərini alıb. Anası İlahə xanım deyir ki, xeyir iş üçün evimizi təmir edirdik. Bir çox azərbaycanlı ailəsi kimi o da övladı üçün həvəslə hazırlıq görürmüş. İlahə xanımla danışdıqca nə qədər güclü və gözəl xanım olduğunun şahidi oldum. Emin kimi igid övladı da ancaq bu cür qadın yetişdirə bilərdi ! 
İnsan nə zaman ölür bilirsiniz?
Bir inanca görə sənin adını bilən son insan öldüyü zaman sən ölmüş sayılırsan. Artıq yer üzündə səndən heç bir iz qalmır. Bəs o hansı addır ki, heç zaman heç kim unutmayacaq? Şəhid...
Bu ad minlərlə igidin tək adı, tək ləqəbi, tək ünvanıdır. Ona görə də dünya var olduqca heç zaman unudulmayacaq. Unudulmamaq isə hər zaman rəhmətlə, hörmətlə anılmaq deməkdir. Unudulmamaq yaşamaq deməkdir.
Şəhidlik kimi uca bir zirvə var. Və o zirvədən bizim payımıza düşən başımızı qaldırıb rəhmət oxumaq, minnət hissi duymaqdır...

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31