Ahılların Şuşaya səfəri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinlərinin Şuşa şəhərinə səfəri təşkil olunub. Xidmətdən "Olaylar"a bildirilib ki, "Şuşa ili" çərçivəsində baş tutan səfərdə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, müəssisənin 20-yə yaxın sakini və Agentliyin 44 günlük Vətən müharibəsi iştirakçısı olan əməkdaşları iştirak edib.V. Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz qısa zamanda torpaqlarımızı işğaldan azad etdikdən sonra bu ərazilərə yenidən həyat qayıdıb. Düşmən tərəfinfən dağıdılan yurd-yuvalarımız bərpa olunur, genişmiqyaslı tikinti-quruculuq işləri aparılır.

İştirakçılar Şuşada Yuxarı Gövhər Ağa Məscidini, Bülbül və Üzeyir Hacıbəylinin ev muzeylərini, Vaqifin məqbərəsini ziyarət ediblər. Eləcə də Cıdır düzündə gəzinti və tarixi Şuşa qalası ilə tanışlıq ahıllarda unudulmaz təəssüratlar yaradıb. İştirakçılar Şuşanın tarixi-mədəni irsi ilə, həmçinin görülən quruculuq və bərpa işləri ilə tanış olublar. Səfər iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad ediblər, müharibədə yaralanmış hərbçilərimizə şəfa diləyiblər. Ekskursiya rəngarəng görüntülərlə yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31