Vaxtında atılmayan addımlar problemlərə gətirib çıxarır - ÖZƏL
4 Oktyabr 2022 14:18 Sosial"Təəssüflər olsun ki, son vaxtlar ayrı-ayrı təhsil müəssisələrində məktəb qayda-qanunları, şagird nizam-intizamına uyğun olmayan hallarla tez-tez rastlaşırıq. Qeydə alınan hər bir mənfi hal, hərəkət ümumilikdə təhsilə, ona rəhbərlik edən şəxslərə yönəlir. Bu günlərdə paytaxtın 112 saylı məktəbində şagirdlər arasında baş verən və sosial şəbəkələrdə paylaşılan videogörüntülər də cəmiyyətdə eyni münasibətin formalaşmasına yol açır". Bu fikirləri "OLAYLAR"-a "Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai Birlik sədri hesab edir ki, məktəbdə xırda xuliqanlıq törətmiş həmin şagirdin bu hərəkəti heç də ilk deyil və bu videogörüntülər yayılana qədər də həmin məktəbli mümkündür ki, çoxsaylı neqativ hərəkətlərə yol verib: "Videogörüntülərdən də aydın olur ki, şagird yoldaşını döyən həmin məktəbli sanki təhsil müəssisəsində özünü xüsusi imtiyaza malik biri kimi aparır. Çox güman ki, yuxarıda qeyd etdiyim kimi onun bu kimi xuliqanlıq hərəkətləri davamlı olub və məktəb rəhbərliyi də bundan məlumatsız deyil. Burada daha çox məsuliyyət məktəb rəhbərliyinin üzərinə düşür ki, nə üçün onun valideyni ilə vaxtında görüşüb söhbət etməyib, şagirdi intizamlı, məsuliyyətli olmağa çağırmayıb. Əgər məktəb rəhbırliyi bunu edibsə və şagird nəticə çıxarmayıbsa, o halda nə üçün həmin şagird barədə digər zəruri tədbirlər görülməyib. Necə olur ki, sinif, yaxud məktəb rəhbərliyi dərsləri qavramaqda çətinlik çəkən hansısa şagirdi dərhal məktəbdən uzaqlaşdırmaq barədə qərar qəbul edir, lakin ümumilikdə təhsil adına, məktəbə ləkə gətirən, uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilən şagird barədə ölçü götürülmür".
Ruhiyyə Mehdiyeva qeyd edib ki, məktəb psixoloqları da bu tipli şagirdlərlə yaxından işləməli, onlarla məşğul olmalıdırlar: "Vaxtında atılmayan addımlar bu kimi problemlərə gətirib çıxarır".