Beynəlxalq Türk Akademiyasının arxeoloji qazıntılarının nəticələrinə dair foto sərgi təşkil edilib
29 Sentyabr 2022 13:31 Sosial26 sentyabr 2022-ci il tarixində Beynəlxalq Türk Akademiyası "Orxundan
Orxan Qaziyə" adlı beynəlxalq arxeoloji və mədəni ekspedisiya
çərçivəsində Türkiyənin Bursa şəhərindəki Teyyare Mədəniyyət
Mərkəzində Monqolustanda tapılan arxeoloji qazıntılar və tarixi
əsərlərdən ibarət sərgi təşkil edib.
Sərginin açılış mərasimində Beynəlxalq Türk Akademiyasının
vitse-prezidenti Füzuli Məcidli, Bursa Bələdiyyə Başçısı Alinur Aktaş,
Azərbaycan Respublikasının Ankaradakı səfiri Reşad Məmmədov,
Qazaxıstan Respublikasının Ankaradakı səfiri Yerkebulan Sapiyev,
Monqolustan Akademiyasının Arxeologiya İnstitutunun direktoru
Geleqdorj Eregzenin rəhbərlik etdiyi monqol alimlərdən ibarət
nümayəndə heyəti, türkiyəli alimlər - Türk Dil Qurumunun rəhbəri prof.
Gürer Gülsevin, Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yaqub Öməroğlu,
Qafqaz Universitetlər Birliyinin prezidenti prof. Ramazan Qorxmaz,
İzmir Katip Çələbi Universitetinin müəllimi prof. Şaban Doğan,
Yedditəpə Universitetinin Tarix bölməsinin müdiri prof. Əhməd Daşağıl,
məşhur qırğız türkoloq alimi prof. Kadirəli Konkobaev, azərbaycanlı
türkoloq-alimlər Elçin İbrahimli, Afaq Məmmədova, Güllü Yoloğlu və
digər qardaş ölkələrin təhsil, media nümayəndələri iştirak edib.
İltəriş Qutluq Xaqan abidə kompleksinə və onun kitabəsinə həsr olunmuş
sərgini Akademiyanın vitse-prezidenti dr. Füzuli Məcidli açıb. O, Türk
adının ilk dəfə işləndiyi bu türkcə kitabənin təqdimatının 26 Sentyabr
- Türk Dili Günündə keçirilməsinin çox önəmli olduğunu bildirib. F.Məcidli, həmçinin qeyd edib ki, bu kimi təqdimatları ilin sonunadək Bakı və türk dünyasının digər böyük şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Bundan sonra çıxış edən Monqolustan Elmlər Akademiyası Arxeologiya
Tarix İnstitutunun direktoru prof. Gelendorj Ereqzen Nomqon düzündə
aparılmış elmi-arxeoloji ekspedisiyasının nəticələrini paylaşıb.
Ereqzen qeyd edib ki, Qutluq Xaqan kompleksi son illərdə Monqolustanda
qədim türk dövrünə aid ən mühüm kəşfdir. Monqolustan Elmlər
Akademiyasının Orta əsrlər Arxeoloji Tədqiqat Sektorunun rəhbəri prof.
Altangerin Enxtor, Monqolustan Elmlər Akademiyası Arxeologiya
İnstitutunun eksperti Tserenxand Buyanhişiq və Beynəlxalq Türk
Akademiyasının ekspertləri dr. Napil Bazılxan və dr. Nurbolat
Böqenbayev xüsusi sessiyada arxeoloji kəşf haqqında geniş məlumat
verib.
Daha sonra professorlar - Ə.Daşağıl, G.Gülsevin, R.Qorxmaz, X.Şirin və
bir çox başqa elm adamları söz alaraq çıxış edib, ətraflı fikir mübadiləsi aparıblar.
Alimlər Nomqon bölgəsində aşkar edilən Qutluq Xaqan kompleksinin
əhəmiyyətinə diqqət çəkərək bunun türkologiya üçün mühüm hadisə
olduğunu qeyd ediblər. Həmçinin yeni kəşfin Beynəlxalq Türk
Akademiyasının uzunmüddətli birgə elmi işinin nəticəsi olduğunu və
qurumun əməyini yüksək qiymətləndirdiklərini bildiriblər.
Türkoloqların fikrincə, qədim türk, soqd və brahmi yazılarının,
xüsusən də abidə kompleksində tapılan kitabənin daha dərindən tədqiqi
türk tarixinin yeni səhifələrini açacaq.
Görüş çərçivəsində Beynəlxalq Türk Akademiyasının nəşr etdiyi
"Tonyukuk" və "Kültegin" kitabları da ictimaiyyətə təqdim olunub.
Tədbir çərçivəsində Türk Dil Qurumunun rəhbəri Gürer Gülsevin
Beynəlxalq Türk Akademiyası və Nomqon arxeoloji qazıntı qrupunun
üzvlərini 90 illik yubileyini qeyd edən Türk Dil Qurumunun xüsusi
mükafatını Napil Bazılxan, Altangerel Enxtor, Nurbolat Böqenbayev,
Tserenxandy Buyankhişiq və Gonchigiin Batbolda təqdim edib.
Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər
Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji
ekspedisiya nəticəsində Monqolustanın Arxanqay rayonunun Nomqon
düzündə İltəriş Qutluq Xaqanın abidə kompleksi və kitabəsi aşkar
edilib.
Onu da qeyd edək ki, proqramda çıxış edən Bursa Böyükşəhər
Bələdiyyəsinin sədri Alinur Aktaş Türk Akademiyasının kəşfinin türk
dünyası və dünya elmi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sözügedən foto sərgidə Nomqon vadisində və Şiveet Ulan kompleksində
aparılan arxeoloji qazıntıların fotoşəkilləri və buradan tapılan
qiymətli abidələr ictimaiyyətə təqdim olunub.
Akademiyanın təşkil etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Monqolustan, Şimali Kipr
Türk Respublikası və Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan
respublikalarından ziyalıların nümayəndələri, tanınmış alimlər iştirak
ediblər.
(Məleykə Mirzəli - BDU, Türkoloji dərnəyin rəhbəri)
.jpg)

.jpg)
.jpg)

