Media reyestrinin işə salınması keyfiyyətli xəbər istehsalına gətirib çıxaracaq- ÖZƏL

"Media reyestri medianın inkişafı haqqında yeni qanunun mediamızın tarixində açacağı istiqamətlərdən, həm də müsbət istiqamətlərdən yalnız biridir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyev deyib.

"Ölkədə Media Haqqında Yeni Qanunun bu ilin əvvəlində qəbul olunması və icrasına başlanılması, sözsüz ki, bizim medianın tarixində yeni bir mərhələ açır və həmin mərhələnin geniş, çoxşaxəli, həm də praktik nəticəli istiqamətlərindən biri də media reyestridir. Media reyestrinin aparılması qaydaları ilə bağlı prezidentin imzaladığı sərəncam jurnalistlər, media nümayəndələri və həm də ölkə ictimaiyyəti üçün çoxdan media sahəsində aparılan islahatların daha nə ilə davam etdiriləcəyi sualına cavab axtarışlarında çox mühüm bir töhfədir. Media reyestri dediyim kimi, çoxşaxəli nəticələr doğura bilən bir prosedurdur. Bu ölkədə ilk dəfə tətbiq olunur və dünya ölkələrinin, müasir, sivil ölkələrin demək olar ki hamısında bu var. Azərbaycanda isə ilkin təcrübə olaraq onun həyata keçirilməsi təqdirəlayiq bir addımdır. 

Media reyestri ilk növbədə peşəkar medianın sərhədlərinin və onun subyektlərinin dəqiq ölçülərini, sayını, miqyasını müəyyənləşdirməyə imkan verəcək. Bəllidir ki, bizim indiyə qədər çox ciddi problemlərimizdən biri reket - mənəvi terror mediası ilə peşəkar medianın sərhədlərinin bəzi hallarda dəqiq şəkildə bəlli olmaması, bəzən bir-birinə qarışması və hətta mənəvi terror mediasının kölgəsində peşəkar medianın itib batması ilə diqqəti cəlb edirdi. Çox vacib bir problem idi ki, peşəkar medianın və reket mənəvi terror mediasının sərhədləri dəqiq müəyyənləşdi. Hətta bəzi hallarda peşəkar medianı sosial media və yaxuda da ki, sosial şəbəkə fəaliyyəti ilə eyniləşdirmək cəhdləri var idi ki, bu da yenə də peşəkar medianın və peşəkar jurnalistikanın ciddi probleminə çevrilirdi. Ona görə də media reyestrinin aparılması birinci növbədə peşəkar media subyektlərinin sayını, çərçivəsini və peşəkar jurnalistlərin miqyasını müəyyən etməkdə müstəsna rol oynayacaq. Bu da əsas verəcək ki, peşəkar medianın inkişafı üçün qanunvericilik aktlarının daha dəqiq, hər tərəfli təkmilləşdirilməsinə, eləcə də dövlət dəstəyinin ehtivalı və yetərli olmasını hədəfləyə bilək. 

Bundan başqa media reyestrinin tətbiqi daha keyfiyyətli xəbər istehsalı, jurnalistlər arasında müəllif hüquqlarının daha etibarlı müdafiə mexanizmlərinin tətbiqində əhəmiyyətli rol oynayacaq. Bizim üçün ciddi problemlərdən biri jurnalistikada müəllif hüquqlarının heç də sona qədər gözlənilməməsi idi. Bununla bağlı çoxlu mübahisələr olurdu. Özünü müxtəlif peşəkar jurnalistlərin yazdıqlarını zaman-zaman götürüb öz adına çıxan, yazının içərisində, sonunda, ortasında bunlardan geniş istifadə edərək əslində peşəkar jurnalistlərin haqqına girən bəzi yalançı jurnalistlər də bizim indiyə qədər problemimiz olub. Bu nöqteyi nəzərdən jurnalistikada müəllif hüquqlarının sona qədər dəqiq müdafiəsinə, qorunmasına ehtiyac var ki, bu sahədə media reyestri öz sözünü deyə bilər. Keyfiyyətli xəbər istehsalı ciddi məsələlərdən biridir. Ona görə ki, əgər peşəkar media ilə yalançı medianın və yaxud da ki, reket medianın sərhədləri itirilibsə, belə şəraitdə peşəkar jurnalist ilə yalançı jurnalististin fərqi sona qədər görünə bilməzdi və əsl peşəkar jurnalistin yaradıcılıq məhsulu olan keyfiyyətli xəbər ilə reket jurnalistin məhsulu olan reket xəbərin arasında da fərqlər itirdi. Bu baxımdan media reyestrinin işə salınması sözün həqiqi mənasında keyfiyyətli xəbər istehsalına gətirib çıxaracaq. 

Media reyestri sağlam bir rəqabət formalaşdıracaq, əsl peşəkar media subyektlərinin qorunması, dövlətin himayəsi altında daha çox bəhrələnməsinə şərait yaradacaq və bütün bunlar media reyestrinin ilkin, lakin Azərbaycan praktikası üçün zəruri bir təcrübə olduğunu təsdiqləyən amillərdir. Amma əlbəttə media reyestrinin çox vacib məsələlərindən biri ondan ibarətdir ki, media reyestri praktikaya, həyata prinsipial şəkildə tətbiq olunsun və onun tətbiqində ikili standartlara, ayrı-seçkiliyə imkan verilməsin".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31