Sənan Əhmədov hansı halda şəhid ailəsi statusu ala bilər? - ÖZƏL

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (və ya hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşları) şəhid hesab olunurlar. Ölkə qanunvericiliyinə görə, şəhid stausu almış şəxslər və onların ailə üzvləri bir sıra imtiyazlara malikdirlər. Lakin, qanunvericilikdə bəzi boşluqlar var ki, şəhid ailələri həmin imtiyazlardan yaralana blmirlər. Belə ki,  Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. Sənan Əhmədov ailə üzvlərinin sayına görə təklif edilən mənzilin 2 otaqlı olmasını istəyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Sənan Əhmədov şəhid ailəsi statusunda deyil: "Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi - sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib". Nazirliyin verdiyi açıqlamaya baxmayaraq, hələ də cəmiyyətdə şəhid, şəhid ailəsi stausu haqqında müxtəlif fikirlər səslənməkdədir.

Hüquqşünas Alim Hüseynli bildirib ki, Sənan Əhmədovun şəhid ailəsi statusuna aid edilməməsi qanunvericilikdəki boşluqların nəticəsidir: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Nazirlər Kabinetinin 1994-cü il qərarına əsasən Şəhidin ailə  üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri); valideynləri;18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları-uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na əsasən, Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Bu qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Bundan başqa, mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həlak olmuş hesab edilmək və itkin düşmək ayrıca bir prosedurdur. Yəni, şəxsin həlak olmuş hesab edilməsi o zaman mümkün olur ki, onun ölməsinə dair təsdiqləyici məlumatlar olsun. Tutaq ki, bu şahidlərin ifadələri və ya digər əldə olunmuş məlumatlar əsasında mümkün ola bilər. Bu əsaslar olmayanda şəxsin itkin düşməsi elan edilir. Hüquqi cəhətdən də belədir ki, itkin düşmüş şəxsin nə vaxtsa qayıtma ehtimalı var. Ona görə həmin şəxsə şəhidlik statusu verilmir".

Hüquqşünas qeyd edib ki, Sənan Əhmədovun şəhid ailəsi statusu alması üçün bir sıra nüanslar var. Bu nüanslar ondan ibarətdir ki, Sənan şəhid ailəsi stausu almaq üçün gərək valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan müəssisədə yaşasın. Həmin müəssisə isə mütləq valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusuna malik olsun: "Hazırda mənfur düşmən tərəfindən hər cür təxribatlar törədilir, bunun nə vaxt bitəcəyi isə bəlli deyil. 44 günlük Vətən müharibəsində minlərlə gənc ölkmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Bu birliyi, vətənpərvərliyi qorumaq üçün qanunvericilikdə dəyişikliklər edilməlidir ki, cəmiyyət Vətən uğrunda şəhid olanlarla bağlı fikir müxtəlifliyini yaşamasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31