Rusiya Dövlət Dumasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 26-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Olaylar xəbər verir ki,
nümayəndə heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın  xatirəsi ehtiramla anaraq, məzarı üzərinə tər güllər qoyub.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov və digər rəsmi şəxslər müşayiət ediblər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31