Vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərin əksəriyyəti, ölkənin digər sahələrində də faydalı fəaliyyət göstərirlər

İstiqamət -  gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Çingiz Şahbazi: "Azərbaycan gəncliyi sözün həqiqi mənasında 44-gunlük İkinci Qarabağ müharibəsində, dastan yazdı"

Gənc nəslin vətənpərvər ruhda böyüməsi bütün dövlətlər kimi Azərbaycan üçün də xarakterik olan haldır. Bunu isə şərtləndirən bir sıra amillər vardır. İlk növbədə uzun illər Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması, ərazilərimizin 20 faizinin ermənilər tərəfindən işğal edilməsi bizə güclü və mərd vətənpərvər gənclər ordusunun yaranması, təşəkkül tapmasını vacib bilirdi. Etiraf edək ki, ötən illər ərzində həyata keçirilən dövlət siyasəti Azərbaycanda sözün həqiqi mənasında vətənpərvər gənclər ordusunun yaranmasına yol açdı. Məhz bunun nəticəsi idi ki, 2020-ci il, sentyabr ayının 27-də Azərbaycana qarşı yeni ərazi iddiası ilə çıxış edib növbəti dəfə işğalçılıq əməlinə başlayan Ermənistan bu dəfə istəyinə nail ola bilmıədi. Azərbaycanda uzun illər ərzində yetişmiş güclü, iradəli gənclər və onların cəm olduğu Azərbaycan Ordusu erməni təxribatının qarşısını aldı. Mübariz Azərbaycan gəncləri, güclü, qüdrətli Azərbaycan Ordusu təkcə erməni təxribatının qarşısını almadı, parallel olaraq əks hücuma keçərək 30 ilə yaxın erməni işğalı altında olan Azərbaycan ərazilərini, şəhər və rayonlarımızı düşmən tapdağından təmizlədi, onları öz dədə-baba sahiblərinə qaytardı.

Azərbaycan gənclərinin, onları birləşdirən ordumuzun mübariz, qalib orduya çevrilməsini şərtləndirən digər bir amil isə gənclərimizin ötən illər ərzində mili ruhda, vətənpərvər olaraq yetişidirilməsindən irəli gəlirdi. Burada dövlətin, onun müvafiq qurumlarının, ən başda isə təbii ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Məhz onun ötən illər ərzində atmış olduğu təqdirəlayiq addımlar, böyük şücaət göstərərək ermənilərdə  xof yaratmış, onlarda itkilərə yol açmış Mübariz İbrahimovun nəşinin Vətənə gətirilməsi, adına layiq dəfn olunması, ona Milli Qəhrəman adı verilməsi, erməni zabitini öldürməkdə təqsirli bilinərək həbs edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyasının təşkil edilməsi, eləcə də digər bu kimi faktlar heç şübhəsiz ki, Azərbaycan gənclərinin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunmasına səbəb olan amillərdən idi. Məhz dövlətin apardığı uğurlu gənclər siyasətinin nəticəsində artıq Azərbaycan gənci özünü xarici filmlərdəki qəhrəmanlara deyil, məhz öz qəhrəmanına, Mübariz İbrahimova, Ramil Səfərova oxşadır, bənzədirdi. Bu tendensiyanın artan sürətlə getməsi isə təbii ki, ölkədə vətənpərvərlik hisslərinin getdikcə yüksəlməsinə, gənclərimizin mübariz, torpaqlarını işğaldan azad etmək iqtidarında, gücündə olan monolit bir qüvvəyə çevrilmısinə gətirib çıxarırdı.

Elə ictimai-siyasi fəal, ekspert Çingiz Şahbazi də bu qənaətdədir. O bildirib ki, Azərbaycan gənclərinin vətən qarşısında ən böyük sınağı, məhz vətən müharibəsi zamanı baş Verdi: "Gənclərimizin vətənpərvərliyi bütün dönəmlərdə yüksək səviyyədə hiss olunub və söz vətən olan zaman, onu qorumaq üçün Azərbaycan gəncləri xüsusi fəallıqları ilə seçilbilər. Ön və arxa cəbhədə, informasiya məkanında və digər məkanlarda düşmənə qarşı ordumuzla birgə yorulmadan, çəkinmədən sona qədər döyüşən Azərbaycan xalqı və öz cəsarəti və şücaəti ilə seçilən Azərbaycan gəncliyi sözün həqiqi mənasında 44-gunlük İkinci Qarabağ müharibəsində, dastan yazdı. Hansı ki, gənclərimizin qəhrəmanlığı, bütün dünyaya səs saldı və bir çox böyük dövlətləri, hərbi sahəni yenidən formalaşdırmağa məcbur etdi".

Çingiz Şahbazi qeyd edib ki, bu göstəricilər, gənclərdə milli hissin yüksək səviyyədə olduğunu və vətənpərvərliyin doğru istiqamətdə aparıldığını sübut etdi:

"Məhz gənclərimizin yüksək dünyagörüşü və doğru elmi nəticəsində, vətən sevgisi və vətəndaşlıq borcu doğru olaraq mənimsənilib. Vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərin əksəriyyəti, ölkənin digər sahələrində də faydalı fəaliyyət göstərirlər. Azərbaycan gənclərinin müvəffəqiyyəti hərbi sahədə olduğu kimi, elm və təhsil sahəsində, idman və sağlamlıq sahəsində, dövlət quruculuğu sahəsində və digər sahələrdə, milli mənəvi dəyərlərin qorunub saxlanması fonunda inkişaf edir".

Çingiz Şahbazi onu da diqqətə çatdırıb ki, ölkə rəhbərliyi də Azərbaycan gəncliyini xüsusi diqqət mərkəzində saxlayır və gənclərə xüsusi diqqət yetirir: "Bütün bu qayğı və diqqətlə yanaşı bəzi çatışmazlıqlar da yox deyildir. Ali təhsil müəssisələrində təhsil haqqının yüksək olması və  təhsili başa vurmaq üçün dövlət tərəfindən tələbələrə uzun müddətli bonusların verilməsinə ehtiyac var. Məktəblərdə, xüsusilə orta məktəblərin dərsliklərində vətən uğrunda canından kecmiş şəhidlərin şücaəti, qəhrəmanlığı daha çox aşılanmalıdır. Hesab edirəm ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması prosesi, ibtidai siniflərdən aparılmalıdır. Bunun üçün bir tək müəllim heyyətindən yox, peşəkar hərbiçilərdən, qazilərdən, şəhidlərin ailə üzvlərindən və cəmiyyətin bütün təbəqələrini əhatə edən peşəkar vətənpərvər insanlardan istifadə edilməsi lazımdır. Çünki bu günün körpəsi, sabahın gəncidir. Gənclərimiz isə, vətənimiz olan Azərbaycanın gələcəyidir".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31