Hamınıza alqış düşür...
23 Sentyabr 2022 10:24 SosialAysel Oğuz
2022-ci ilin gedişatı heç ürəkaçan olmadı. 2 ildən çoxdur ki, davam edən pandemiya müsibətindən sonra Putinin və digər qüvvələrin müsibəti başladı. 7 aydan çoxdur ki, "təmizləmə əməliyyatı" adı altında Ukraynaya qarşı silahını qaldıran Rusiya artıq rəsmi şəkildə Ukraynaya müharibə elan etmək fikrindədir. Dünyada vəziyyət o həddə gəlib ki, artıq siyasi şərhçilərin belə proqnozları özünü doğrultmur. Dərin oyunlar gedir...Məni maraqlandıran bu oyunlardan daha çox Rusiya tərəfdən Ukraynaya qarşı kimlərin vuruşacağıdır. Fikir vermisinizsə sanki şahmat oyunundaki kimi, ruslar millət olaraq vuruşmaq yerinə hər zaman arxa planda qalmağa üstünlük verir, öndə isə hər zaman burada yaşayan qeyri-slavyanlar piyadaya çevrilir:yəni, çeçenler, tatarlar, azərbaycanlılar, ləzgilər...sadalayaraq bitməz qədər çoxlu xalqlardan ibarət siyahı hazırlamaq olar. Təəssüf ki, sadalanan xalqların 85 faizdən çoxu müsəlmandır. Putin öz ölkəsində qismən səfərbərlik elan etdikdən sonra sərhədlərdə yaşanan bu qədər sıxlıq və izdiham, müəyyən yerlərdə insanların müharibə əleyhinə səsləndirdikləri etirazlar görəsən nəyə dəlalət edir? Sual yaranır: məgər ruslar vuruşmaqdan bu qədər qorxan və ya bu qədər sülhsevərdir ki, sərhədlərə saysız axın yaranıb? Tatarıstanın hərbi komissarı hərbi mükəlləfiyyətçilərin respublikadan çıxışına qadağa qoyub...
Bəs kim gedəcək bu davaya? Yenədəmi...?
Görəsən, bu müsəlman qan iyinə heçmi doymadı? Hər zaman özünü sipər edib oda birinci atılmaqdan heçmi yorulmadı?Alnına israrla yazılmış mücadilə eşqinə heçmi üsyankar çıxmadı? Vətənindən evindən didərgin düşüb, dini inancın ağır yükünü daşımaqdan heçmi usanmadı?
Bəs İrana nə oldu? 43 ildən sonramı yadlarına düşdü ki, baş örtüyünü çıxartmaq lazımdır? Yoxsa bu illər ərzində Mehsə kimi azmı idi vəhşicəsinə döyülüb, öldürülən günahsız qadınlar? Həqiqətən bumu idi bəhanə? Sabir demiş:
Nədir aya yenə üsyanları iranlıların?
Başladı cünbüşə tüğyanları iranlıların,
Nəqzi-əhd eylədi əyanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!
Ən qorxduğum isə odur ki, hər tamaşanın sonunda olduğu kimi sizi ayaqüstə alqışlayan biriləri olmayacaq.Sizə sadəcə səssizcə seyr edəcəklər, ən yaxşı halda alqışsız bir fit çalacaqlar, vəssalam...