Günah Priusda deyil
23 Sentyabr 2022 10:40 SosialSon dövrlər Bakı şəhərində baş verən qəzalardan üçdə biri Toyota Prius markalı avtomobilin iştirakı ilə baş verir. Törətdikləri qəzalar isə olduqca ağır qəzalar olur. Sosial şəbəkələrdə və.s yayılan videogörüntülərdə ağır qəzalara şahid oluruq. Gün ərzində isə onlarla "yüngül" qəza hadisəsi baş verir.
Dünyada təbiət dostu kimi tanınan bu avtomobillərin adını çəkdikdə insanların ağlına qəzadan başqa bir şey gəlmir. Prius model avtomobillərin şəhərdə tez və sürətli şəkildə artması da insanlarda maraq doğurur. Hətta sosial media istifadəçiləri tərəfindən "günah Priusdadır" ifadəsi məhşurlaşdırılıb.
Doğrudan, günah Priusdadır?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov fikirlərini Olaylarla bölüşüb:

Əslində Toyota Prius modeli olduqca rahat, ekoloji cəhətdən təmiz və qənaətcil avtomobildir. Sadəcə bu, avtomobillərin ən köhnə versiyasını ABŞ standartları üçün ömrünü başa vuran, köhnə avtomobilləri daşıyıb, ölkəmizə gətirirlər.
Bu avtomobillər Amerikanın ikinci əl bazarın, tullantı meydançasında daha çox olur. Həmin avtomobilləri vətəndaşlarımız onlayn qaydada, ucuz qiymətə alır, Azərbaycana gətirirlər. Daha sonra ya fərdi qayda da, ya da taksi şirkətlərinin istifadəsinə verilir.
Hazırda ölkəmizdə yeni avtomobillərin qiyməti olduqca yüksəkdir. Kredit şərtləri sadə deyil. Vətəndaşlar yeni avtomobil almaqda çətinlik çəkirlər. Kreditlə avtomobil əldə etmək yüksək əməkhaqqı alan insanlar üçün də çətindir. Çünki, faizlər çox yüksəkdir. Buna görə vətəndaşlar çox zaman istifadə olunmuş avtomobil əldə edə bilirlər.
Priusun yanacağa qənaət etməsi və qiymətinin münasib olması, texniki qulluğun ucuz başa gəlməsi onu cəlbedici edir. Yaxşı olardı ki, vətəndaşlarımız bu avtomobillərin Avropa standartlarına uyğun modelini əldə etsinlər. Yeni avtomobillərə üstünlük vermələri isə arzuolunandır.
Qəzaların baş verməsinin avtomobilin modeli ilə əlaqəsi yoxdur. Tez-tez qəza törənməsinin səbəbi bu, avtomobillərin daha çox taksi sahəsində istifadə edilməsidir. Təəssüf ki, taksi kimi fəaliyyət göstərən vətəndaşlarımızın bir qisminin sürücülük təcrübəsi azdır. Bilirsiniz ki, taksi sifarişləri smartfonlar vasitəsi ilə qəbul edilir. Həmin sürücülərin demək olar ki, iş saatı müddətində diqqəti telefonda olur. Fikirləri yayınır. Nəticədə ağır qəzalar ortaya çıxır.
Priuslarla baş verən qəzaların əksəriyyəti bu səbəbdən yaranır. Həmçinin taksi şirkətləri sürücünü işə aldıqları zaman bir çox şərtlərə əməl etməlidir. Sürücünün yaşı 21-dən az olmamalı, sürücülük təcrübəsi 2 ili keçməlidir. Avtomobilin mütləq qaydada üzərində sarı rəngli "taksi fənəri" olmalıdır.
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki,
.jpg)
"Qəzaların artmasının mən də şahidi oluram. İstər sükan arxasında, istər sərnişin müşahidəmlə. Sürücülər artıq tamamilə insanı təəccübləndirir. Burada bir neçə səbəb var. Cəmiyyətmizdə insanlar arasında davranış problemi var. Dünyanın bir çox yerindən sosioloqlarla əlaqəm var. Onların ən çox arzu etdiyi şey insanların ictimai yerlərdə mədəni davranmasıdır. Həmin şəhər mədəni şəhər kimi tanınır. Bizim cəmiyyətin bu baxımdan problemləri böyükdür. İnsan özlərini daha güclü, əhəmiyyətli şəxs kimi nümayiş etdirməyə çalışır. Sürücülər arasında bu cür davranışlar sərgiləyən şəxslər var. Qəzalar bu səbəbdən də baş verə bilir.
Azərbaycanda hər kəs bilir ki, sürücülük vəsiqəsi necə əldə edilir. Uzun illərdir ki, sürücülük vəsiqəsi rüşvət vasitəsilə verilir. Qiymətləri də hər kəsə məlumdur. Bu yolla verilən vəsiqə onu göstərir ki, bu şəxslər sürücü olaraq bilgisizdir. Çox zaman da mədəni səviyyə arzuolunan deyil. Kobud, özünü nümayiş etdirməi sevən zümrə həm də sürücülük vəsiqəsini rüşvətlə əldə edibsə, qəzaların baş verməsi gözlənilməz hal deyil. Vəziyyətdən çıxmaq üçün uyğun təşkilatların bir hərəkəti olmalıdır. İnsanlar bir-birilə düzgün rəftar etməlidir. Digər tərəfdən, sürücülük vəsiqəsi o, adamlara verilməlidir ki, onlar həqiqətən avtomobili düzgün idarə edə bilirlər. Sürücülük vəsiqəsinin verilməsində isə rüşvət ləğv edilməlidir".
Səlimi