Real, yoxsa virtual evlilik? - Hansı boşanmaya səbəb olur?
16 Sentyabr 2022 10:31 SosialMüasir həyatımızın demək olar çox hissəsi internet, sosial şəbəkələrlə bağlıdır. Texnologiya həyatımıza o qədər təsir edib ki, artıq gənclərin əksəriyyəti ailə qurarkən belə bir ömrü paylaşacaqları insanı sosial şəbəkələr vasitəsilə tapır.
Bəs biri ilə sosial şəbəkə sayəsində tanış olub, ailə qurmaq nə dərəcədə düzgündür? Artan boşanma faizlərində virtual məkanda tanış olub, ayrılanlar üstünlük təşkil edirmi?
.png)
Psixoloq Mələk Kərimovanın sözlərinə görə, sosial münasibətlərin qurulması üçün internet resurslarının olması önəmlidir. Amma bəzən sosialda tanıdığımız insanlar realda olduqlarından daha fərqli görünə bilərlər:
"Ailə qurmaq necə təbii bir haldırsa, boşanma prosesi də bəzən labüd bir reallıq kimi qarşımıza çıxır. Ümumiyyətlə ailə sisteminə bir çox faktor təsir edir və ailə sisteminə təsir edən faktorlar arasında ölkənin sosial-iqtisadi vəziyyəti, tərəflərin təhsil səviyyəsi, politik və eyni zamanda, dini qurumlar və ya o xalqa məxsus olan adət-ənənələr və s. eyni zamanda ailə sisteminə də təsir edir. Təbii ki, bura müharibə və yaxud miqrasiya kimi proseslərin təsirini də əlavə etmək olar.
Boşanma əslində çox əhatəli bir mövzudur. Təbii ki, boşanma qərarı ani verilən bir qərar deyil. Adətən boşanma qərarı təxminən 1 -2 il öncəsində artıq özünü fikirlərlə göstərməyə başlayır. Tərəflərin bir-biri ilə olmaqdan məmnun olmadıqları, bir-birinin xarakterinə uyuşa bilmədikləri və bir evdə yaşasalar da daxilən ora aid olmadıqlarını, gərgin yaşadıqlarını hiss etdikləri bir dönəmdir.
Ümumiyyətlə dünya statistikasında evliliklərin 45%-nin boşanma ilə nəticələndiyi müşahidə olunur. Amma nə qədər belə bir statistika olsa da, yenə evlilik qurumunun aliliyi, dəyərliliyi əhəmiyyət kəsb edir. Yəni, bu qədər boşanma olsa da, yenə də insanlar evlilik qurmağa can atırlar. Bu mənada da əslində boşanma prosesində cütlüklərin hansı şəraitdə tanışdıqlarının rolunun elmi bir izahı yoxdur. Çünki bütün hallarda - virtual məkanda, ya da real həyatda özü sevib, ailə quran və ya valideyn məsləhəti ilə ailə qurub boşananlar olur. Amma burada əsas məsələlərdən biri tərəflərin evliliyə nə qədər hazır olmağı, özləri ilə əlaqədar fərqindəlikləri çox önəmlidir. Çox təəssüf ki, bəzən müəyyən psixoloji sıxıntıları olan insanlara "ailə qur, düzələcək" deyilir. Amma bu çox yalnışdır və daha da problemlərin artmasına səbəb ola bilir. Ona görə burda şəxsi fərqindəlik anlayışı önəmlidir. Şəxs ümumiyyətlə özünü bir insan olaraq, şəxsiyyət kimi necə formalaşdırıb, nə qədər tanıyır, nə istədiyini nə qədər bilir, evlilikdən nə gözləyir, daha sonra övladların dünyaya gəlməsi və s. kimi hallara özündə hazırlığı əhatə edir. Ona görə də evlilik qərarı əslində ciddi bir qərardır və bu qərarı verərkən, təbii ki bütün bunları nəzərə almaq önəmlidir. Amma insanlar dəyişdiyi, müxtəlif sistemlərdə müxtəlif dəyişikliklər olduğu üçün, bəzən çox düşünülmüş bir qərarın da daha sonrakı kriz dönəmləri, fəsadları ola bilir. Ona görə də ən azından müasir dönəmdə sivil qaydada ayrıla bilmək də bir mədəniyyət hesab oluna bilər. Çünki çox zaman boşanan cütlüklərin, xüsusilə uşaqlardan hər hansı birinin tərəf tutduğunu, qarşı tərəfi pislədiyini və s. müşahidə edirik. Əgər uşaq üçün təhlükəli hansısa situasiya varsa, təbii ki, qarşısı alınmalıdır. Amma bunun xaricində uşağın istər anası, istər atası ilə əlaqəsinin kəsilməsi və yaxud olmaması mənfi bir hal kimi qiymətləndirilə bilər.
Boşanma prosesində maraqlı faktlardan biri də odur ki, boşanmağa müraciət edən şəxsin stress səviyyəsi daha aşağı olur. Çünki ən azından bu şəxs artıq münasibət ilə əlaqədar qərar vermə mərhələsində olur. Yəni, qərarını verir. Amma qarşı tərəf üçün bu çox zaman şok, aqressiya, qəbul edilməmə, özünü dəyərsiz görmə kimi xüsusiyyətlərlə müşahidə olunur və boşanmanı bəzən bir itki, ölüm ilə eyniləşdirə bilirlər. Çünki burda bir yas prosesinə oxşar hisslərin yaşandığı da müşahidə olunur. Böyük bir xəyallarla, arzularla birlikdə ömür sürməyə hazırlaşan cütlüyün ailə münasibətlərinin pozulması, heç də hər zaman rahat bir şəkildə olmur.
Son zamanlar sosial şəbəkələrdə tanışlıq hallarının sayı da artıb. Təbii ki, bu hər zaman müsbət bir hal kimi qiymətləndirilə bilməz. Sosial münasibətlərin qurulması üçün internet resurslarının olması önəmlidir. Amma adətən şəxsi görmədən, nə hiss etdiyini, necə danışdığını, dünyagörüşünün nə olduğunu bilmədən, bəzən sosial mediada təqdim edilən fərqli kimliyə aldana bilər. Bu mənada, sosial şəbəkədə görünən şəxs hər zaman özü olmaya bilər. Arzuladığı bir obraz ola bilər, başqa bir adla ola bilər, müxtəlif psixi pozuntusu olan insanlar da ola bilər. Yəni burda bir çox risk faktorları var ki, bunlar da nəzərə alınmalıdır. Amma təbii ki, bunun əksi olaraq da yenə sosial şəbəkə üzərindən tanış olub ailə quran cütlüklərə də rastlamaq mümkündür. Bunun da Azərbaycan üçün bir statistikası yoxdur ki, hansının evliliyi daha uğurlu və ya uğursuzdur".
.png)
Sosioloq Lalə Mehralı bildirir ki, cütlüklərin virtualda, ya da realda tanış olmalarının boşanma hallarına heç bir fərqi yoxdur, insan hər yerdə eynidir:
"Mediasiya xidməti fəaliyyətə başlayandan bu yana nisbətən boşanma faizində durğunluq var. Tutaq ki, əvvəllər hakim qarşısına çıxan hər 10 ailədən 5-6-sı boşanırdısa, bu rəqəm indi mediasiya şurasının xidməti sayəsində 3-4-ə endirilib. Doğrudur, mediasiya şurası ödənişli xidmət göstərir, buna görə hakim məcburi ora göndərdiyi ailələr xidmətdən istifadə edir. Lakin bunu könüllü şəkildə etmirlər, barışığa meylli olmurlar. Çünki xidmətə görə ödəniş tələb olunur. Hesab edirəm ki, mediasiya şurasının fəaliyyətini dövlət hesabına və yaxud da ödənişsiz etmək daha faydalı olar. Çünki insanlar bir növ barışığa meylli olardı, ailələr yenidən birlikdə qalmağa meyllənərdilər. Orda gərəkli prosedurlardan keçir, lazımi müayinələr olurlar. Buna görə düşünürəm ki, qənaətbəxş olan fəaliyyəti daha da gözəlləşdirmək, effektiv etmək üçün ödənişi ləğv etmək lazımdır.
Boşanmaya gətirib çıxaran bir sıra faktorlar var ki, bunlardan bəziləri maddi problemlər, zərərli vərdişlər və s.-dir. Ümumiyyətlə, bəhanə ilə boşanan cütlüklərin sayı kifayət qədərdir. Böyüklərin müdaxiləsinə görə boşananlar da var. Yəni, ümumiləşdirib demək olmur ki, sırf bu sahədə, bu səbəblərə görə boşanmalar çoxdur. Çox təəssüf ki, insanların sayı qədər boşanma səbəbləri də yaranır. İndi boşanmağa səbəb axtarmaq su içmək kimi asandır. Ər-arvadın sözü bir-birinin ürəyinə yatmır, bir-birini, böyükləri həzm edə bilmirlər (xüsusilə qadın tərəflər) və s. Yəni səbəb 1-2 deyil, sadalasaq, onlarca səbəb sıralaya bilərik.
Ən böyük sevgilər, ən böyük eşqlər belə ailədə problem yarananda, bir növ asqıya alınır, sandığa gizlədilir. Düzdür, bura bütün sevgiləri bura aid eləmirəm. Amma ümumilikdə problemin məğzinə baxaraq şərh edəsi olsam, bütün sevgilər olmasa belə əksər sevgilər problem yarananda, bir növ sönür. Doğrudur, orda köz qalır, sonradan közdən alovlanır, unudulmur. Amma üzərinə kölgə düşür. Bura maddi problemlər, işsizlik, mənəvi və fiziki işkəncə, zorakılıq, ailə böyüklərinin müdaxiləsi və s. çox şey əlavə etmək olar ki, boşanmalara səbəb arasında sıralıyaq.
Amma hesab eləmirəm ki, ailələrin evləndirdiyi və yaxud özü eşqlə sevib evlənən insanlara nisbətən daha tez boşana bilirlər. Qeyd etdiyim kimi, ən böyük eşqlər belə problemlərin qarşısında aciz qala bilir. Valideynlərin evləndirdiyi çox ailə var ki, tamamilə xoşbəxt bir həyatı var. Ona görə sıralamazdım ki, özü ailə quran və yaxud da ki, valideyn istəyi ilə ailə quran arasında boşanma faizinin fərqi nə qədərdir.
Məncə bu bir az da şəxsiyyət, həzm etmə, yola vermə, güzəştə getmə məsələsidir. Yəni, əgər ailə qurursanda mənliyini qoyursan kənara, mən olmaqdan çıxırsan, biz olmağa başlayırsan. Arıtq o xudbinlik, duyğu, özünü düşünmə, "yalnız mən" düşüncəsi artıq rəfə göndərilir. Artıq "biz" kəlməsi daha çox istifadə olunur və ailənin rifahı, təhlükəsizliyi üçün hər iki tərəf "biz"in anlamını qəbul etməli və ona uyğun davranmalıdır .
Sosial şəbəkələr sayəsində tanış olub, ailə quran cütlüklər olduqca çoxdur. Hətta mən deyərdim ki, 15 il bundan qabaq sosial şəbəkədə tanış olub, ailə quran gənclər evdə tanış olduqları məkanı ailə böyüklərinə demirdilər. Hər ikisi kitabxanada, universitetdə, mağaza, küçədə, hansısa bir məkanda tanış olduqlarını deyirdilər. Çünki onda sosial şəbəkələrdə, internetdə, tutaq ki, hansısa söhbət formunda tanış olub, evlənməyə dırnaqarası baxırdılar.
2003-2004-cü illər ərəfəsində forumlar, çatlar hələ yeni gündəmdə idi. Forumda hansısa müzakirəyə qoşulan gənc qıza çox pis baxırdılar, çata girir deyə. Təsəvvür edin, hər hansı bir oğlan gedib desəydi ki, mən forumda qızla tanış olmuşam, təbii ki, əksəriyyət buna etiraz edərdi. Ona görə çoxu gizlədirdi. Amma indiki dövrdə sosial şəbəkələr vasitəsilə tanış olan insanlar kifayət qədər sağlam, böyük məhəbbət və eşqlə öz yuvalarını qura bilirlər. Doğrudur, mən bunu hər tərəfli araşdırdıqdan sonra evlənən cütlüklərə aid edirəm. Yox, bu gün tanış oldum, sabah nigaha düşdüm, birisi gün məsələnin altından hər hansı bir "amma" çıxanda, yenə sosial şəbəkələr günahkar olur. Amma biz normalda real həyatda qarşılaşdığımız hər insanla da ailə qurmuruq axı. Tutaq ki, kimsə öz hislərini sizə açırsa, onu real həyatda tanıyırsınız deyə həmin dəqiqə ailə qurmağa razılaşmırsınız axı. Araşdırırsınız, ailə böyükləri araya girir, maraqlanırlar. Sosial şəbəkələrdəki tanışlıqlar da eynilə. Sadəcə məkan fərqi var, biri virtualda tanış olub, biri real həyatda. Amma prosedur eynilə qalır - araşdırılma, öyrənilmə, hər iki tərəfin bir-birini tanıması və s. Buna görə hesab etmirəm ki, sosial şəbəkədə tanış olan cütlüklər daha tez boşana bilərlər.
Əgər boşananların tanışlıq məkanı barədə yüngülvari statistika araşdırılsa, onda hesab etməyin ki, virtualda tanış olanların boşanma faizi daha çoxdur. Xeyr, əksinə, real həyatda tanış olan, illərdir bir-birini tanıyan, hətta qohum, tanış olan, amma 2 ay sonra boşanan insanlar kifayət qədərdir. Yəni, burda virtual və ya real tanışlıq fərq etmir. Araşdırılsa, təsdiqlənər ki, məkan heç bir rol oynamır.
İnsan hər yerdə insandır. İnsan virtual məkanda da tanış olduğu birinə əgər şəxsiyyəti varsa, yalan danışmayacaq, real məkanda tanış olduğu birinə də danışmayacaq.Şəxsiyyətsiz, mənliyini itirmiş insan hər yerdə eynidir, həm virtualda, həm realda. Onlar maskalansa da, gec-tez hər şey məlum olur. Ona görə, hesab edirəm ki, boşanma statistikasında virtual tanışlıqların nəticəsində yaranmış evlilikləri günah keçisi etmək doğru deyil. Düzdür, onların arasında da boşanmalar var. Amma səbəb kimi onların sayını çox göstərmək ədalətsizlik olar".
Röyalə Xəyal