Dezinformasiya yayanları hansı cəzalar gözləyir?- ÖZƏL
13 Sentyabr 2022 13:57 SosialDünən gecə saatlarında ölkəmizə qarşı edilən təxribatlardan sonra, sosial şəbəkələrdə yalan xəbərlər yayılmağa başlayıb. Problem ilə bağlı vəkil Hüseyn İsmayılov Olaylar.az-a danışıb:
"Hazırda gedən döyüşlərlə əlaqədar yalan məlumatların yayımlanması hər hansı ciddi nəticələrə səbəb olmursa, hüquqi məsuliyyət yaratmır. Lakin Dövlətin təhlükəsizlik maraqları, o cümlədən mövzunun həssas olması səbəbindən qeyd edilən yalan məlumatlar ciddi hüquqi məsuliyyətə səbəb ola bilər.
Belə olan halda aidiyyəti dövlət qurumları həmin şəxslərə xəbərdarlıq etməli və məlumatı təkzib etməlidir.
Aşağıda qeyd edilən nəticələrə səbəb olduqda və qeyd edilən niyyətlə edildikdə isə cinayət məsuliyyətinə səbəb ola bilər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin məcəllənin 216-cı maddəsinə əsasən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nəzərə alınmalıdır ki, yayılmış dezinformasiya nəticəsində ciddi ictimai təhlükəli nəticə yaranarsa dövlət qurumları bunun qarşısının alınması üçün lazımi hüquqi tədbirləri görəcəkdir".