Təcavüzə məruz qalan qızlar bəzən insan alverinin qurbanına çevrilirlər- QHT sədri-Özəl
10 Sentyabr 2022 11:19 Sosial"Son illərdə azyaşlı qızların təcavüzə məruz qalması, hətta Beyləqan, Bərdə rayonlarında bir qızın bir neçə şəxs tərəfindən cinsi istismar olunması barədə faktlar mövcuddur. Eyni zamanda azyaşlı qızların ailə üzvləri (ögey ata, əmi, əmioğlu, dayıoğlu, xalaoğlu, bibioğlu və b.), eləcə də qonşuları, məktəb yoldaşları tərəfindən zorlanması, qısnamaya məruz qalması, şantaj yolu ilə cinsi münasibətlərə cəlb edilməsi halları var". Bunu "olaylar" a deyən "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki, bunların başvermə səbəbləri müxtəlifdir, amma nəticəsi birdir: "Azərbaycan cəmiyyəti, ailəsi belə halla rastlaşan qızları özündən təcrid edir, onu linç etməyə çalışır, "ağlı olsaydı, başına bu işlər gəlməzdi" deyə günahlandırır. Qızların başına bu bəlaları gətirən kişilər cinayət məsuliyyətinə cəlb edilsə də, bəzən cəzadan asanlıqla can qurtarırlar. Yaxud da məhkəmə prosesində aidiyyatı olan maddələr üzrə deyil, tamam başqa maddələrlə ittiham edilirlər ki, həbsxanada günləri daha rahat keçsin. Təcavüzə məruz qalan qızların isə həyatı birmənalı şəkildə məhv olur. Bəzən onların insan alverinin qurbanına çevrildiyini görürük.
Təəssüflə qeyd etməliyik bir çox hallarda cəmiyyətimiz təcavüzə, şantaja görə qızları günahlandırır. Amma nəzərə almırlar ki, azyaşlı, həyatı, gələcəkdə başına gələcəkləri yetərincə dərk etməyən, özünü müdafiə etmək gücündə olmayan, nə baş verdiyini anında anlamaq hissi formalaşmamış, qısnamaya məruz qalarkən nə edəcəyini bilməyən, qeyri-ixtiyari tabe olan qız uşaqlarına cinsi təcavüz cinayətdir. Əgər qız buna qarşı özünümüdafiə mövqeyində dayanmayıbsa, tabeçilik nümayiş etdiribsə, bu o demək deyil ki, ağılsızdır, əxlaqsızdır, günahkardır və s. Bir çox hallarda qızlar ətrafdakılardan, ailəsindən qorxduqları, rüsvay olacaqları üçün səslərini çıxarmır və qarşı tərəfin tələbləri ilə razılaşırlar. Sonra isə çox gec olur. Onlar videolara çəkilib şantaj edilir, hamilə qalır, erkən abortlara, yaxud da doğuma məruz qalırlar. Ailələri belə qızları əksər hallarda rədd edir, bəzən onlar ata, qardaş, qohumdakı kişilər, bəzən də, anaları, bacıları tərəfindən qətlə yetirilirlər. İstənilən halda hadisədən ən çox zərər çəkən həmin qızlar olur.
Ona görə də cəmiyyət maariflənməli, tərbiyə edilməlidir. Həddi-buluğa çatmamış qızlar kiminsə seksual ehtiyaclarını ödəmək üçün vasitə olmamalıdır. Bunu edənlər ən ağır cəzalara məruz qalmalıdırlar. Bilməlidirlər ki, əgər belə bir addım atsalar, çox ağır cəza alacaqlar. Ört-basdır etməklə, tərəfləri barışdırmaqla, hüquq-mühafizə orqanlarını rüşvət hesabına susdurmaqla belə problemləri həll etmək mümkün deyil. Cəmiyyət belə hallara qarşı kütləvi etiraz etməli, günahkarların layiqli cəza alması üçün son ana qədər mübarizə aparmalıdır. Çünki bu gün belə neqativ hallara "dur" deməyənlər özləri sabah belə hallarla üzləşə bilərlər. Ayrıca dövlətin də belə hallarla sərt mübarizə üsulları olmalıdır. Siyasi hakimiyyət cəmiyyətdə neqativ tendensiya halını alan cinsi təcavüzlərin qarşısını kəsmək üçün radikal addımlar atmalıdır".