Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir

Azərbaycanda təhsil sahəsi kimi səhiyyə sahəsi də daim dövlətin diqqət və qayğısı ilə əhatələnmiş, prioritet hesab edilmiş sahələrdəndir. Məhz bunun göstəricisidir ki, bütün dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycana zərərləri digər ölkələrlə müqayisədə minimum həddə hesablandı.

Günümüzdə də səhiyyə sahəsi dövlətin, şəxsən dövlət başçısının diqqət və qayğısı ilə əhatələnib. Ölkədə müxtəlif xəstəlikllərdən əziyyət çəkən vətəndaşlarımızın öz sağlamlıqlarına qovuşması, onların yüksək səviyyədə müalicə olunması üçün davamlı olaraq addımlar atılır, yeni-yeni tibb müəssisələri istifadəyə verilir. Elə bu günlərdə Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışı da bunun əyani sübutudur.

"OLAYLAR" xəbər verir ki, sentyabrın 8-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Məlumat üçün qeyd edək ki, sözügedən sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub.

Tibb müəssisəsi barədə dövlət başçısına məlumat verən səhiyyə naziri Teymur Musayev  bildirildi ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir.

Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.

Prezident İlham Əliyev sanatoriyanın fizioterapiya, rentgen otaqlarında, kliniki laboratoriyada, yeməkxanada, akt zalında, kitabxanada, palatalarda, sinif otaqlarında yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Buna baxmayaraq, vərəm sağalan xəstəlikdir. ÜST-nin ekspertlərinin fikrincə, onun aşkarlanması, müalicəsi və sağalması üçün əhalinin məlumatlılığının artırılması, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səylər birləşdirilməlidir. Son illər vərəmin diaqnostika və müalicəsində səmərəliliyin artırılması statistikaya da müsbət təsirini göstərib, həm yoluxma, həm də ölüm hallarında azalma müşahidə edilməkdədir.

Bu bir danılmaz faktdır ki,  Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə də ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Respublikamızda rəsmi qeydiyyata düşən vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31