Sərnişinlərin avtobus sürücüləri ilə insident yaşaması yaxşı hal deyil
9 Sentyabr 2022 10:00 Sosial"Bu gün Bakı şəhərində ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların sayının azaldılması ilə bağlı xəbərlər var. Bu haqda müxtəlif ekspertlər, həm də sərnişinlər həyəcan təbili çalırlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
"Xüsusən sərnişinlər qeyd edirlər ki, səhər saat 7-də belə vaxtilə 6-7 dəqiqəyə gələn avtobusları 20 dəqiqə gözləməli olurlar. Bu da təbii ki, özlüyündə isbat edir ki, həqiqətən də Bakı şəhərində xəttə buraxılan avtobusların sayı azalıb. Bu sirr deyil. Bunu hətta ictimai nəqliyyatda, sərnişindaşıma ilə məşğul olan özəl şirkətlər də bəyan etmişlər ki, onlarda avtobus çatışmazlığı var, avtobusları satışa çıxarırlar, onlara hazırda ictimai nəqliyyatda işləmək sərf eləmir, sürücü çatışmazlığı var və s. Əlbəttə ki, bunlar hamısı düşünürəm ki, həqiqəti əks etdirir. Burda hər hansı bir başqa fikirlər yürütməyə də lüzum yoxdur. Hamı bilir ki, avtobus çatışmazlığı var, intervallar arasında olan məsafə də bunu isbat edir. Hətta yay aylarında belə tətil zamanı Bakı şəhərində heç bir tıxac olmadığı halda, sadəcə müəyyən küçələrdə təmirlə əlaqədar sıxlıqlar olurdu. Onda belə avtobuslar arasında interval çox uzun idi.
Sərnişinlərin avtobus sürücüləri ilə hər hansı bir insident yaşaması yaxşı hal deyil. Sərnişinlərə də tövsiyə edirəm ki, hər hansı bir narazılıqları varsa, bununla bağlı BNA-ya müraciət etsinlər. Şəxsən mənim özümün də narazılığım olanda, bir vətəndaş, Bakı sakini kimi Bakı Nəqliyyat Agentliyinə fikirlərimi bildirib, narazılığımı deyirəm.
Bununla yanaşı qeyd etmək istəyirəm ki, təəssüf ki, bəzi məsuliyyətsiz avtobus sürücüləri də var ki, onlar bu qrafikdən çıxa bilirlər. Ötən ilki müşahidələrimdə buna rast gəlmişəm. Məsələn, bir dayanacağa saat 18:00-da gəlməli olan avtobusun sürücüsü, həmin dayanacaqdan 17:50-də sürüb gedib ki, pik saata düşməsin və tıxacda qalmasın. Belə halda avtobuslar dalbadal keçiblər və sərnişinlər dayanacaqda növbəti avtobusu 40-45 dəqiqə gözləməli olublar.
Sürücülərlə sərnişinlər arasında hər hansı bir insidentin yaşanmaması üçün Bakı şəhərində ictimai nəqliyyatı yüksək səviyyəyə gətirmək lazımdır. İctimai nəqliyyatı vətəndaşlar üçün əlçatan etmək lazımdır. Bunun üçün ödəmə terminallarını dayanacaqlara qaytarmaq, xətlərdə avtobusların sayını, peşəkar sürücülərin sayını artırmaq, informasiya texnologiyaları ilə mükəmməl çalışmaq lazımdır. Məsələn, dayanacaqda gözləyən hər bir sərnişin bilməlidir ki, onun gözlədiyi avtobus neçə dəqiqəyə həmin dayanacağa gələcək və hazırda onun gözlədiyi avtobus xəttində neçə avtobus var. Bu məlumatlar şəffaf olmalıdır. Belə məlumatlar şəffaf olmadıqca, sərnişin üçün əlçatan olmadıqca, əlbəttə ki, sərnişin də birbaşa sürücü ilə ünsiyyətdə olduğu üçün onu günahlandıracaq. Nəticədə sürücü ilə sərnişin arasında insident yaranır.
Hörmətli sərnişinlərdən xahiş edərdim ki, heç bir halda sürücülərlə insident yaşamasınlar, onları tənqid və təhdid etməsinlər.
Eyni zamanda, sürücülərin də hüququ yoxdur ki, ona irad tutan sərnişin və yaxud tənqid, təhqir edən sərnişinlə polemikaya girsin, onunla savaşsın. Təlimata əsasən, əgər sərnişin sürücünü təhqir edirsə, nalayiq ifadələr işlədirsə, özünü avtobusda yaxşı aparmırsa, dava çıxarırsa, bu zaman sürücü sadəcə avtobusu yolun kənarında saxlayıb, həmin sərnişindən avtobusu tərk etməsini xahiş etməlidir və yaxud da polis çağırmalıdır. Amma sərnişin ilə polemikaya girmək, dava etmək qaydalara zidd hərəkətdir".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə isə, ictimai nəqliyyatda avtobusun gecikməsinə görə sürücü və sərnişin arasında konflikt yaranması əslində çox nadir hallarda rast gəlinən haldır:
"Avtobus niyə gecikir? İctimai nəqliyyat niyə hələ də dəqiq fəaliyyət göstərmir? İnterval niyə pozulur? Avtobuslar günün pik saatlarında niyə yetərincə olmur? Bütün problemlər bunlardan ibarətdir. Bunun da həlli üçün ictimai nəqliyyatın inkişafı vacibdir. Biz avtobusların sayını artırmalıyıq, avtobus zolaqlarını inkişaf etdirməliyik, avtobuslar saat kimi dəqiq işləməlidir və sərnişindaşıma ən müasir səviyyədə həyata keçirilməlidir.
İndiki halda yaranmış bu vəziyyət həqiqətən narahatlıq doğurur. Vətəndaşlar yollarda əziyyət çəkir, heç kim vaxtında mənzil başına çata bilmir və yaxud da avtobuslarda interval qorunmadığına görə sərnişinlər saatlarla yolda avtobus gözləməli olurlar. Nəticədə avtobuslar tapılmayanda, insanlar qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən manatlıq taksilərə, mikroavtobuslara üz tutur. Bunlar qanunsuz olaraq digər qanuni fəaliyyət göstərən marşrutların xəttinə girir, sərnişinləri daşıyır və bu da əslində qanunsuz fəaliyyət olsa da bu günün tələblərinə cavab verir. Yəni, bu gün cəmiyyət bunu tələb edirsə, tələbat varsa, onlar da çıxıb xəttə sərnişinləri daşımağa başlayırlar. Dövlətin qurduğu sistem olsaydı, inkişaf etsəydi, bu cür qanunsuz fəaliyyətə də ehtiyac qalmazdı. Düşünürəm ki, bunun üçün hələ də gec deyil. Yenə də müəyyən addımlar atmaqla sərnişindaşıma fəaliyyətini təkmilləşdirə bilərik. Bunun üçün imkanlar var. Sadəcə bu gün daşıyıcı şirkətlərə dövlət tərəfindən müəyyən dəstək göstərilməlidir. Sərnişindaşıma sahəsi özəl sektorun əlində olsa da, dövlət tərəfindən mütləq nəzarət olunmalıdır. Yəni dövlət dəstək göstərib, həm də iş tələb etməlidir, işi də nəzarət mexanizmi qaydasında həyata keçirə bilər ki, bu işlər necə həyata keçirilir, nə baş verir.
Ona görə, ictimai nəqliyyat dedikdə ilk ağla avtobuslar gəlsə də, həm də düşünürəm ki, metro şəbəkəsini inkişaf etdirmək çox vacibdir. Metro əvəzsiz bir ictimai nəqliyyat növüdür və metronun daşıdığı yük daha çoxdur. Təsəvvür edin, bir avtobus maksimum 80 nəfər daşıyırsa, metroda bir qatar 5 vaqondan ibarətdirsə, bir dəfəyə 500 nəfəri daşıya bilir və heç bir maneə, sıxlıq görmədən bunu edir. Ona görə əlverişli variantlar hansıdırsa, ona üstünlük vermək lazımdır. Gələcəkdə baxmaq olar, əgər yol şəbəkəsi imkan versə, tramvay, trolleybus kimi ictimai nəqliyyat növlərini də inkişaf etdirmək olar. Amma hazırda metro və avtobusun inkişafı daha önəmlidir və daha ucuz başa gələn bunlardır".
Röyalə Xəyal