Təhsil sahəsinin inkişaf etdirilməsi prioritet sahələrdən biridir

İstiqamət: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Hər bir millətin gələcəyi onun sağlam ruhda, savadlı, təhsilli böyümüş gənclərindən asılıdır. Ona görə də hər bir ölkədə təhsil sahəsi dövlətin, hökumətlərin əsas prioriteti hesab edilir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda da təhsil sahəsi hər zaman əsas prirotet istiqamətlərdən biri sayılıb. Müxtəlif illərdə bu sahədə çoxsaylı fərman və sərəncamlar imzalanıb, dövlət proqramları təsdiq edilib. Eyni zamanda hər il dövlət büdcəsindən ən çox vəsaitin ayrıldığı sahələr sırasında da təhsil sahəsi ön sıralarda yer alıb. Bu da öz-özlüyündə onu deməyə əsas verir ki, dövlətin təhsil sahəsinə diqqət və qayğısı kifayət qədərdir. Elə "Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva da bu qənaətdədir. İctimai Birlik rəhbəri deyib ki, təhsilə dəstək, bu sahəyə olan dövlət qayğısı hələ ümummilli lider Heydər Əliyevin zamanından özünü göstərib: "Hələ ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dönəmində ölkə gənclərinin keçmilş ittifaq ölkələrinin nüfuzlu ali təhsil müəssisələrinə göndərmişdi. Həmin illərdə Heydər Əliyevin himayəsi altında müxtəlif xarici ölkələrin universitetlərində təhsil alan gənclər sonradan Azərbaycanda savadlı, potensiallı kadrların formalaşmasına yol açdı. Eləcə də ümummilli lider Heydər Əliyev müstəqilllik illərində ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da təhsil sahəsi dövlətin diqqətində olan əsas sahələrdən sayılırdı. Təsadüfi deyil ki, müharibə şəraitində olan bir ölkənin 1 milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkün qismində bir çox yerlər kimi təhsil müəssisələrində də yerləşdirilmişdi və bu da öz növbəsində ölkədə təhsilin səviyyəsinə təsirsiz ötüşmürdü. Ona görə də Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı ilk addımlar çərçivəsində məhz birinci növbədə təhsil müəssisələrində məskunlaşmış soydaşlarımızın yeni qəsəbələrə köçürülməsi yer alırdı. Bu da təbii ki, qaçqın və məcburi köçkünlərlə yanaşı, eyni zamanda təhsilə olan dövlət qayğısının təzahürü idi".

Ruhiyyə Mehdiyeva deyir ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasəti onun siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: "Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə təhsil sahəsində çoxsaylı dövlət proqramlarının qəbulu, bu sahənin inkişafına yönəlik fərman və sərəncamların imzalanması, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq paytaxt və regionlarda, hətta ən ucqar dağ kəndlərində müasir standartlara cavab verən təhsil müəssisələrinin inşası dövlətin bu sahəyə göstərmiş olduğu diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ayrı-ayrı illərdə imzalamış olduğu sərəncamlar əsasında ölkəmizin müxtəlif regionlarında modul tipli təhsil müəssisələri də inşa edilərək istifadəyə verilib ki, bu da ölkədə təhsilin prioritet sahələrdən biri olaraq götürüldüyünün əyani sübutudur".

Ruhiyyə Mehdiyeva qeyd edib ki, məhz təhsil sahəsində göstərilən diqqət və qayğı, bu sahənin müasirləşdirilməsi, dünya praktikasına uyğunlaşdırılmasının məntiqi nəticəsidir ki, hər il ali təhsil müəssisələrinə daxil olan şagirdlərin sayı artır: "Bütün dünyanı bürüyən və ciddi qapanmalara yol açan koronavirus pandemiyası dönəmində belə ali təhsil müəssisələrinə daxil olan gənclərin sayı kifayət qədər oldu. Cari ildə də bu tendensiya artan templə müşahidə edilib. Məlum olduğu kimi bu il ali məktəblərə qəbul olunan abituriyentlərin sayı açıqlanıb. Rəsmi statistik məlumatlardan aydın olur ki, bir çox orta ümumtəhsil müəssisələrində qəbul planı 100 faiz həddində olub".

İctimai Birlik sədri onu da qeyd edib ki, Azərbaycan dövləti, şəxsən Cənab Prezident İlham Əliyev daha bacarıqlı kadrların yetişdirilməsi, onların gələcəkdə potensial kadr kimi ölkəmizdə müxtəlif sahələrdə çalışmaları üçün çalışır, bu istiqamətdə müvafiq sənədlər imzalayır: "Bu mənada hər il  gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində oxumaları üçün  göndərilməsi, bunun üçün xüsusi dövlət proqramlarının qəbulo edilməsi ayrıca qeyd edilməlidir. Bildiyimiz kimi bu il də  "Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" qəbul edilib və həmin proqrama əsasən artıq ilkin mərhələdə xarici ölkələrdə təhsil alacaq gənclərimizin sayı müəyyən edilib. Belə ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Bu yaxın 4-5 il ərzində yüzlərlə kadrın daha mükəmməl, daha müasir biliklərə yiyələnərək ölkəyə qayıtması və müxtəlif sahələrdə çalışması deməkdir. Yaxud gənclərimizin ali təhsil almaları, onların maddi ehtiyacları, təhsil haqqlarının qarşılanması üçün həyata keçirilən təhsil tələbə krediti layihəsi də məhz Azərbaycan gənclərinin daha savadlı, daha bacarıqlı, bilikli, təhsilli olması istiqamətində atılan adddımlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdəndədir".

İctimai Birlik sədri sonda onu da vurğulayıb ki, dövlətin, dövlət başçısının təhsil sahəsində göstərdiyi diqqət və qayğı, bu sahəni prioritet hesab etməsi gənclərdə də elmə, təhsilə marağı artırır, onları daha çalışqan edir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31