Jurnalistlərin qurultayından gözləntilər böyükdür
8 Sentyabr 2022 16:20 Sosial"Azərbaycan jurnalistlərinin VIII qurultayı media həyatında yeniliklərlə yadda qalacaq. Hesab edirəm ki, hər bir mətbuat nümayəndəsinin bu qurultaydan gözləntiləri böyükdür".
Bu fikirləri "OLAYLAR"-a "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, qurultay əsasında Azərbaycan Mətbuat Şurasının rəhbərliyi seçiləcək, yeni İdarə Heyəti formalaşacaq: "Ümid edirik ki, daha layiqli namizədlər, media ilə yaxından əlaqəsi olan, onun problemlərini dərindən bilən və həmin problemlərin həlli istiqamətində zəruri addımlar atmağı bacaran şəxslər Mətbuat Şurasının İdarə Heyətində təmsil olunacaqlar. Eyni zamanda bu quruma rəhbərlik etmək iqtidarında olan həmkarlarımız da Mətbuat Şurasının sədrliyi uğrunda mübarizəyə qoşulub öz güclərini, qüvvələrini sınayacaqlar".
İctimai Birlik sədri hesab edir ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı həmçinin media nümayəndələrinin həmrəyliyi, birliyi baxımından da əhəmiyyətlidir: "Düzdür, Azərbaycan jurnalistləri əksər hallarda həmrəylik nümayiş etdirir, vahid mövqedən çıxış edə bilirlər. Bəzən müəyyən istisna hallar olsa da, ümumən mediamız, onun nümayəndələri həmrəydir, dövlət və dövlətçiliyə bağlıdır. 44 günlük Vətən müharibəsi zamanında bunun əyani şahidi olduq. Bu baxımdan növbəti qurultay media nümayəndələrinin həmrəyliyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacaq".