Valideyn məsuliyyətsizliyindən neçə belə cinayət bağlı qalır - Özəl

"Mehnur" Reabilitasiya Mərkəzində azyaşlılara qarşı törədilən hərəkətlərdə cinayətin əlamətləri aşkardır. Mərkəzin rəhbərindən tutmuş sıravi işçisinədək - hər birinin məsuliyyəti araşdırılıb cinayət-hüquqi qiymətini almalıdır". Bunu "Olaylar"a deyən hüquqşünas Habil İsgəndərovun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Maddə 133. Əzab vermə: 133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə - cinayət əməlidir və bu maddənin sanksiyasında nəzərədə tutulan cəza ilə cəzalandırılır. 133.2. Eyni əməllər:  iki və ya daha çox şəxsə qarşı törədildikdə; bir qrup şəxs tərəfindən törədildikdə;  təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;  işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Yayılan videolarda (hərçənd, mən ikisinə natamam baxdım, tam baxmağa tab gətirə bilmədim) görünür ki: bir qrup məxluq, onlara həvalə olunan köməksiz vəziyyətdə olan bir neçə azyaşlı uşağa qarşı yuxarıda sadalanan - döymə, zorakı hərəkətlərlə güclü fiziki ağrı, psixi iztirab, işgəncə əməlləri törədirlər. Bu əməllər təkrar törədilir, qəsdən törədilir. Ona görə də bir qrup məxluqun bu hərəkətlərinə qarşı dərhal CM-in 133-cü maddəsi ilə cinayət işinin açılması labüd idi. Eyni zamanda, azyaşlılara yetirilən xəsarətlərin dərəcəsindən asılı olaraq, cinayət təqibinin davamında bir qrup məxluqun hərkətlərində CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma), 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrinin əlamətləri müəyyən edilərsə, təqsirkarların əməlləri daha ağır maddələr üzrə də tövsif edilə bilər. İctimai qınaq, məzəmmət öz yerində. Lakin bu cür əməllər qanunun sərt cəzasına tuş gəlməyincə, arsızlaşmış məxluqların başqa yerdə bundan betər başqa cinayətlər törətməyəcəyinə zəmanət yoxdur. Dövlət nəzarətindən kənar, əxlaq və vicdan hissindən məhrum olan nə qədər şəxslərin "uşaq mərkəzi" adı altında neçə belə işgəncə mərkəzləri var. Valideyn məsuliyyətsizliyinin də pik həddə olduğu indiki dövrdə kim bilir, neçə belə cinayətlər bağlı qalır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31