Dilənçilərin sayı artıb? - Elşad Hacıyev açıqladı

Olaylar.az xəbər verir ki, son dövrlər ictimai yerlərdə dilənən şəxslərin sayı artıb. Sərnişinlər onların hətta avtobusda diləndiklərinin şahidi olublar. Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki,

paytaxtda dilənçilik edən və tüfeyli həyat tərzi yaşayan şəxslərə qarşı polis tərəfindən tədbirlər davam etdirilir:  "Bu, şəxslər gündəlik olaraq xidmətə cəlb olunan naryad qrupları tərəfindən saxlanılaraq, aidiyəti üzrə təhvil verilir. Onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilir. Azyaşlılar isə valideynləri müəyyən edilərək təhvil verilməsi məsələsi diqqətdə saxlanılır. Hər bir neqativ hala görə qanunvericiliyə əsasən, müvafiq protokollar tərtib edilir. Əsas məqsəd bu, sahədə profilaktik işin effektivliyini təmin etməkdir. Ötən həftə paytaxtda 70-ə yaxın tüfeyli həyat tərzi sürən şəxs müəyyən olunaraq, barələrində tədbirlər görülüb. Bu, halın çoxalmasına səbəb isə, dilənçilik və tüfeyli həyat sürən şəxslərə müxtəlif məbləğlərdə pulların verilməsidir. Vətəndaşlar humanist yanaşaraq, onların göz yaşlarına inanırlar. Hər dəfə verilən pullar bu sayıların çoxalmasına səbəb olur. Tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində təbliğat ondan ibarətdir ki, dilənçilərə pul verilməsin. Çünki, dilənmək onların həyat tərzi ilə əlaqəlidir.  Məişət şəraiti ilə bağlı deyil. Onlar, işləməkdən imtina edirlər. Təcrübəmizdə bununla bağlı bir çox faktlar var. Müxtəlif dövlət qurumları təlimatlandırılmaqla məşğulluğun təmin olunması üçün addımlar atılıb. Ancaq, nəticə olmayıb. Onlar bir neçə gün sonra işləməkdən imtina ediblər. Hər bir müvafiq tədbirlər davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31