"Mənzil qiymətlərində artım yeni tədris ili başlayana qədər davam edəcək"- EKSPERT

Yeni tədris ilinin başlanması və yay aylarının bitməsinin ardından paytaxta insan axını baş verir desək, yanılmarıq. Hər il olduğu kimi, bu il də Bakı və ətraf bölgələrdə mənzil axtarışı çətinliklə davam edir. Şəhərin mərkəzi yerlərində divarlara, dayanacaqlara yapışdırılan yüzlərlə elan görmək mümkündür. Kimi ev yoldaşı, kimi münasib qiymətli mənzil axtarır. Bakıda münasib icarə qiyməti ilə mənzil tapmaq hər il bir az daha çətinləşir. Çətinləşsə belə, tələbələrin Bakıya gəlməyinin qarşısını ala bilməz. Çünki, digər bölgələrdə təhsil müəssisələrinin sayı olduqca azdır. İnsanlar büdcə problemləri yaşasa belə, uyğun qiymətə  olmayan mənzillərdə qalmağa məcbur olur.

Mənzil sahibləri isə tələbdən istifadə edərək, qiymətləri kəllə-çarxa çıxarır.

Kirayə mənzil və qiymətləri, qiymət artımı ilə bağlı suallarıma cavab tapmaq üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Vecon Consulting şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Orucla həmsöhbət oldum:

-Vüqar bəy, hər ilin bu ayları mənzil bazarlarında qiymət artımı nə ilə əlaqədardır?

-Bu, dəyişiklik hər il baş verir. Adətən, yeni tədris ilə ilə əlaqədar olur. Bütün alış-satış sahəsində tələb artdığı zaman qiymət artımının da  şahidi oluruq. İmtahanlar başa çatdıqdan sonra uğur qazanan abituriyentlər Bakıda mənzil axtarışına çıxırlar. Tələb çox olduğu üçün qiymət artımı start götürür. Qiymət artımının səbəbi bundan ibarətdir. Pandemiya dönəmində istisnalar yaşandı. Dərslər onlayn şəkildə həyata keçirildiyi üçün, kirayə qiymətləri hətta bir qədər aşağı düşdü. Ümumilikdə bundan öncəki iki il ciddi şəkildə bahalaşma olmadı.

2020-2021 tədris ilini çıxsaq, hər il qiymət artımı olub. Bu artım bazar prinsiplərinə uyğun addımdır. Hazırda artım davam edir. Bir neçə ay davam etdikdən sonra yenidən əvvəlki qiymət  stabilləşəcək.

Mənzil qiymətlərinə artım sadəcə kirayə üçün keçərli deyil. Satış üçün də bahalaşma keçərlidir. İnkişaf etməkdə olan ölkələrdə daşınmaz əmlakın satışı və kirayəsi yüksək olur.

Böyük Vətən müharibəsi, Qarabağın işğaldan azad edilməsi ölkəmizə yatırım etmək istəyənlərin sayını artırdı.  Biznes layihələrində iştirak etmək istəyən xarici şirkətlər ortaya çıxmağa başladı. Bu da özlüyündə qiymət artımına təkan verir. Bu il 2021-ci ilə nisbətən mənzil qiymətlərində 15% -ə qədər artım müşahidə edildi. Ərazidən asılı olaraq, 20% artım da mümkün hal aldı.

Bir şeyi də qeyd edim ki, hal - hazırda olan qiymət dəyişimi 10-15 % civarındadır. Keçən ilin bu dövrünə nisbətən 400-450 manat idisə indi 500-550 manat civarındadır. Bəzi yerlərdə də adekvat olaraq otaqların sayına yerləşməyinə görə də bu artım tendensiya özünü biruzə verir. Ümumilikdə biz bu faizin 10-15 faiz civarında olduğunu təsbit etmişik.

Qiymət sıçrayışı qəfil baş verdi. Çünki  ölkəmiz qalib ölkə kimi tanınır, investorların diqqətini cəlb edir.

-Neçə otaqlı və hansı qiymət aralığında olan evlərə tələbat yüksəkdir?

-Hazırda aşağı qiymətli evlər tapmaq olduqca çətindir. Bölgələrdən Bakıya təhsil üçün üz tutan yüzlərlə gənc var. Ailələri büdcəni nəzərə alaraq, istəyir ki, övladları münasib qiymətli evlərdə yaşasın. Bir-birini öncədən tanıyan, eyni kənddən, rayondan olan tələbələrin mənzil baxımından çətinlikləri azalır. Birlikdə ev tutub, kirayə dəyərini aralarında bölürlər. Bu, həm də ailələrin büdcə yükünü artırmır. Yəni, tələbələr qiymət aralığı baxımından yüksək qiymətli mənzilə üstünlük vermir.

Eyni fikirləri investorlar, biznesmenlər və xaricdən gələn qonaqlar üçün demək olmaz. Onlar, daha çox komfortu yüksək mənzillərə üstünlük verirlər. Hazırda kirayə mənzillər üçün axtarılan ortalama qiymət 400-450 ətrafındadır. Qeyd edim ki, bu ümumi bazarın ortalama dəyərindən 7-8% aşağı müəyyən edilir.

-Kirayə qiymətləri bölgələrə görə nəyə əsasən dəyişir?

-Tələbələrə zaman qazandırdığı, ictimai nəqliyyatdan daha az istifadə şəraiti yaratdığı üçün Bakı ərazisində olan rayonlarda mənzillərin qiyməti digərlərindən daha yüksəkdir. Hansı ərazidə daha çox təhsil ocağı yerləşirsə, qiymətlər də ona uyğun şəkildə dəyişir. Rayonlara gəldikdə isə, paytaxt ilə müqayisədə hansı rayonda fabrik-sənaye, infrastruktur imkanlarları genişdirsə, təhsil müəssisəsi varsa, digər rayonlara nisbətən qiymətlər artım göstərir. Məsələn, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran kimi böyük şəhər digərlərindən daha çox inkişaf edib. Buna görə də mənzil icarə qiymətləri yüksəkdir.

-Qiymət artımı nə vaxta qədər davam edəcək?

-Qeyd etdiyim kimi, qiymət artımı dərs ilinin başlamasına qədər davam edəcək. Sentyabr ayı, bəlkə də oktyabr ayının ilk həftəsinə qədər davam edəcək bu dinamika. Təbii ki, həmin dövrdən sonra mənzil axtaranlar kar edə biləcəklər. Qiymətlərin yüksəlişi tendesiyası yekunlaşacaq, yenidən qiymətlər stabilləşəcək. Ümumilikdə demək olar ki, hazırda qiymət artımına 2 əsas səbəb var. Ölkəmizin dünya  statusundaki müəyyən dəyişikliklər eyni zamanda dünyada baş verən və Azərbaycana da təsir göstərən valyuta inflyasiya problemləri, alıcılıq qabiliyyətinin aşağı düşməsi və.s

Burada bir nüansı da bildirmək istəyirəm. Məsələn, əvvəlki illərdə evini 350 manata kirayə verən ev sahibi qiyməti artırmağa maraqlıdır. Çünki, onun xərcləri və istehlak qiymətləri artıb. Bu səbəbdən mülkiyyətci evini daha yüksək qiymətə icarəyə vermək qərarı alır. Mənzillər bir müddət icarəyə verildikdən sonra təmirə qaytarılmalıdır ki, alıcı təklif olunan qiyməti rədd etməsin. Bu da əlavə xərc deməkdir. Hazırda hər yerdə olduğu kimi inşaat bazarında da qiymətlər olduqca yüksəkdir.  Tədris ilinin yaxınlaşması icarə bazarına təsir göstərsə də, bu, sıradan çıxan amildir. Digər sadaladığım amillər isə davamlıdır. Buna görə də düşünmək olmaz ki, qiymətlər tədris ili başladıqdan sonra həmin vəziyyətə qayıdacaq. Xeyr, sadəcə stabilləşə bilər. Ölkənin diqqət mərkəzində olması, investorların və biznes aləminin nümayəndələrinin Bakıya axınının baş verməsi  daşınmaz əmlak bazarında istər alqı-satqı , istər kirayə  tələbin yüksəlməsi istənilən halda qiymətlərin artımını  və əvvəlki qiymətlərə dönmək imkanının məhdudluğunu öz qüvvəsində  saxlayacaq.

Əfsanə  Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31