"Vəkil olmaq istəyirəm" adlı yay məktəbinin bağlanış mərasimi keçirilib
7 Sentyabr 2022 13:40 SosialAzərbaycan Respublikası Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsi üçün "Vəkil olmaq istəyirəm" adlı yay məktəbinin bağlanış mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Gənclər Fondunun rəhbərliyi, Milli Məclisin sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Heydər Məmmədov, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin, Mediasiya Şurasının, digər dövlət orqanlarının, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər şəxsləri, hüquq müdafiəçiləri, beynəlxalq səviyyədə tanınan təlimçi-ekspertlər, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə Kollegiyanın əməkdaşı Günay Sultanovanın təqdimatında yay məktəbi barədə hazırlanmış video çarxı nümayiş etdirib və tədris proqramı barədə təfərrüatlı məlumatları iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, cari ilin 15 iyul-15 avqust tarixində keçirilmiş "Vəkil olmaq istəyirəm" adlı yay məktəbini 36 tələbə xüsusi fərqlənmə ilə bitirib.
Tədbirdə açılş nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, yay məktəbinə 13 yerli və xarici universitetlərdən 300-dən artıq hüquqşünas tələbə müraciət edib: "Vəkillər Kollegiyası gənclər siyasətinə böyük önəm verir. Yay məktəbi gözləntiləri doğrultdu və gələcəkdə bu kimi layihələri davamlı keçiriləcək. Təklif edirəm ki, qış məktəbinin də keçirilməsi planlaşdırılsın. Artıq oktyabr ayından etibar vəkil məktəbi təşkil olunacaq. Məktəbi bitirənlər vəkil olaraq fəaliyyət göstərəcəklər. Bu da təbii ki, gənc hüquqşünasların işlə təmin olunmasına xidmət edəcək". Gənclər Fondunun sədri Fərid Cəfərovbəyan edib ki, təmsil etdiyi qurum bu cür tədbirin həyata keçirilməsində çox maraqlıdır. O söyləyib ki, yay məktəbi gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhvə verəcək: "Bu məktəblərdə uğurlu nəticə göstərən tələbələrin artıq təlimçi kimi fəaliyyət göstərməsini təklif edirəm. Gənclərimizin qeyri-formal tədris metodu ilə bilik və bacarıqlarının artırılması Gənclər Fondunun fəaliyyətində xüsusi yer tutur".
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib ki, gənc nəslin bu imkanlardan səmərəli şəkildə istifadə etməsi üçün xalqımızın adət-ənənələrinə uyğun təhsil, tərbiyə, peşəkarlıq məsələlərinə xüsusi diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir: "Möhtərəm cənab prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfər dövlətimizin davamlı inkişafı üçün yeni imkanlar yaratmışdır. Gənc nəslin bu imkanlardan səmərəli şəkildə istifadə etməsi üçün xalqımızın adət-ənənələrinə uyğun təhsil, tərbiyyə, peşəkarlıq məsələlərinə diqqət yetriliməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, o cümlədən gənc hüquqşünaslara aiddir. Çünki güclü dövlət güclü iqtisadiyyatla bərabər, ədalət və hüququn aliliyi prinsiplərinə əsaslanır".
Baş prokurorun müavini Heydər Məmmədov 23 müsabiqə nəticəsində uğur qazanmış hüquqşünasların prokurorluq kadr korpusunun 83,9 faizini təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin dayanır.
Yay Məktəbində iştirak edən bir neçə fəal tələbə də bu məktəb barədə öz təəssürat və fikirlərini bölüşüblər. Tədbirin yekununda yay məktəbini uğurla başa vuran tələbələrə sertifikatlar verilib, verdikləri töhfələrə görə təlimçilərə təşəkkürnamə təqdim olunub.