ŞƏHİDİN DOĞUM GÜNÜ QEYD EDİLDİ - FOTO
5 Sentyabr 2022 12:08 SosialMöhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının sərkərdəliyi, qətiyyətli addımı, siyasi iradəsi, Milli Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük İkinci Qarabağ savaşında mənfur, işğalçı, təcavüzkar və faşist xislətli Ermənistan ordusunu rüsvayçı şəkildə darmadağın etməklə 30 ildən çox işğal altında inləyən müqəddəs torpaqlarımızı, doğma Qarabağımızı geri aldıq. Dünyaya səs salan, şərəf və ləyaqətimizi ucaldan, məğlub xalq ləkəsini üstümüzdən silən möhtəşəm Zəfər və Qələbəmizin təmin olunmasında canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız, onların ailə üzvləri hər zaman dövlətimizin və xalqımızın qəlbində əzizi, sevimlisi, istəklisi kimi yaşayacaqdır. Qanları və canları bahasına torpaqlarımızı işğaldan qurtararkən şəhidlik zirvəsinə ucalan ərənlərdən biri də həmyerlimiz, Nemətabad kəndində, təpədən dırnağadək vətənə, doğma torpağa bağlı bir aildədə dünyaya göz açmış Adgözəlov Faiq Mehdi oğludur. Sentaybrın 1- i şəhid balamızın ad günü idi. Sağ qalsaydı 26 yaşı olurdu. Digər şəhid övladlarmız kimi ənənəvi olaraq Faiqin də doğum günü Yevlax Şəhər İcra Hakimiyyətinin, rəsmi dövlət təşkilatlarının, mdəniyyət, təhsil və ictimai qurumaların iştirakı ilə geniş qeyd olundu. İlk öncə Şəhidlər xiyabanı ziyarət edildi. 26 yaşlı əbədiyaşar qəhərəmanımızın məzarı önünə təzə-tər gül-çiçək dəstələri düzüldü, bütün şəhidlərimizin ruhuna dualar oxundu.
Sonra Bərdə Regional Mədənyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı olan şəhər Yaradıcılıq evində Vətən müharibəsi şəhidi Adgözəlov Faiq Mehdi oğluna həsr olunmuş "Cənnətdəki ikinci mövludun", "Həyatdakı 26 yaşın mübarək" adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiya nümayiş etdirildi.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, idarənin aparat işçiləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş və sinif yoldaşları, şəhidin müəllimlərinin iştirakı ilə baş tutan tədbirdə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublikanın əməkdar mədəniyyət işçisi, bədii qiraət ustası Eldəniz Mustafayevin aparıcılığı ilə teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiyada şəhidin keçdiyi ömür yolu, məktəb illəri, Azərbaycan ordusunda xidmət dövrü və müharibə dövrünü özündə əks etdirən səhnələr nümayiş olunub, vətənpərvərlik ruhunda şeirlər və musiqi nömrələri səsləndirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmisi Nərmin Fərzəliyeva, regional idarənin rəisi Vəsilə Möhsümova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, "Kür" qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti, yevlaxlı 65 şəhidin əziz xatirəsinə həsr olunmuş 2 kitabın müəllifi Əminə Yusifqızı, şəhidin bibisi, respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova və başqaları çıxış edərək Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyulduğunu vurğulayıblar. Bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz böyük qəhrəmanlıqlar göstərərək işğal altındakı torpaqları düşməndən azad etdi. Tarix yazan qəhrəman ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq işi uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Sonda Şəhid Faiqin valideynləri övladları ilə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Ramiz HƏMİDOV,
"Kür" qəzetinin müxbiri



.jpg)
